Azərbaycan XİN Mirzoyanın dediklərinə münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın onlardan yeni təkliflər almaları ilə bağlı açıqlamasına münasibət bildirib.
Nazirliyin saytında yer alan açıqlamada vurğulanır ki, A.Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim olunub. Lakin o, təkliflərin detallarına toxunmayıb.
Onun fikrincə, “Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
A.Hacızadənin qeyd etməsinə görə, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq ötən ilin dekabrında danışıqlardan imtina edib. Onun fikrincə, indi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradırlar: “Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”.
Danışıqların dayanması
Son iki ildə müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar dayanıb.
Azərbaycan rəsmiləri Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların dayanmasına səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib. Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri bəyan edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.
Bir qədər sonra – dekabrda isə Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində Moskvada planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənədək təxirə salınmasını istəmişdi.
Azadlıq radiosu