ABŞ Dövlət katibi Antoni Blinken cümə günü Amerika hava məkanında uçan Çinə məxsus casus hava şarının aşkarlanmasından sonra Pekinə səfərini təxirə salıb.
ABŞ rəsmiləri müxbirlərə bildirib ki, Blinken danışıqlarda diqqətin əsasən insidentə verilməsini istəməyib. Planlaşdırılan səfər Blinkenin dövlət katibi kimi Çinə ilk səfəri olacaqdı.
Səfərin təxirə salınması ilə bağlı xəvər Çinin xarici işlər nazirliyinin sözçüsünün hava şarının Çinə məxsus olduğunu təsdiqləməsindən sonraya təsadüf edir. Sözçü onun metereoloji tədqiqat üçün istifadə olunan mülki hava gəmisi olduğunu və “planlaşdırılan yolundan kənara çıxdığını” bildirib.
Sözçü deyib ki, Çin ABŞ hava məkanına nəzərdə tutulmayan girişə görə məyusdur və məsələ ilə bağlı Birləşmiş Ştatlarla kommunikasiyanı davam etdirəcək.
Hava şarı çərşənbə günü qitələrarası ballistik raketlərin yerləşdiyi və idarə edildiyi, ABŞ Hərbi Hava Qüvvələrinin üç bazasından birinin yerləşdiyi Montana ştatının şimal-qərbində müşahidə edilib.
Hadisə ilə əlaqədar olaraq ABŞ şarı izləmək üçün döyüş təyyarələrini səfərbər edib.
Hərbi rəsmilər şarın vurulduğu təqdirdə yerdəki mülki obyektlər və şəxslərə ziyan vuracağı səbəbindən ona atəş açmamağı tövsiyə edib.
Amerikanın səsi