Azərbaycan gerçəkliyində:
Ən mənasız sual: Necəsən?
Ən mümkünsüz tapşırıq: Özündən muğayat ol!
Ən axmaq təsəlli: Hər şey olacaq!
Ən pis söyüş: Neft xalqın sərvətidir…
Canım ölkəmizdə adamın həyatı durduğu yerdəcə maraqlı hadisələrlə zənginləşir. Və həmin adam-vətəndaş bu marağı bölüşmək üçün mütləq ya çayçıya getmək istəyir, ya da təəssüratını qələmə almaq. Yəni hər iki halda oturmaq lazımdır. Amma necə? Çayxanaya gedirsən boş stol və yaxud cibdə pul yoxdu. Bunlar varsa da mütləq görəcəksən ki, domino yoldaşlarından ikisi çörək dalınca Rusiyətdədi, o birinin də arvadı işlədiyindən özü evdə uşağa baxır. Indi gedib çayçıda onlarsız kirimişcə çay içməyəcəksən ki! Çayxanada ki, dominonun əlində qalan son daşını stola çırpanda stəkan ağzı üstə dönmədi və cəmi çayxana əhli dönüb sizin stola boylanmadı, daha bu çayxanada oturmaqdan min dəfə evdə oturmaq yaxşıdı… Evdə də ki, necə oturacaqsan və üstəlik də necə yazacaqsan?
Məşhurlardan birinə sual veriblər: “Yazıçı olmaq üçün hansı daha vacibdir, istedad yoxsa bacarıq?”. Qərbdilli dahi bizim milli mentalitetimizə uyğun gəlməyən açıq tərzdə bircə kəlməlik cavab verib. Bizim dilə uyğunlaşdırılmış tərcüməsi belədir ki, nə o, nə bu, əsil hünər yanını yerə verib oturmaqdır.
Bəlkə o tərəflərdə həmin üçüncü şərtə əməl etmək asan imiş, amma bizim neft ölkəmizdə həyat şərtləri çox baha olduğundan yaranan istilik problemi bunu müşkülləşdirir. Yəni soyuq otaqda normal qidalanmadan hərəkətsiz oturmaq xəstəliyə səbəb ola bilər. Deməyə ehtiyac yoxdur ki, indiki durumda soyuqdan, acından, eləcə də başqa xırda səbəblərdən xəstələnmək və ölmək sadə vətəndaş üçün milli mentalitet baxımından ayıb bir şeydir. Ayıbdan da o tərəfə bağışlanmaz bir günahdır. Bir sözlə, dünyanı təşvişə salıb, amma çox şükür ki, bizim “tamojnı”mızdan adlaya bilməyən iqtisadi böhrana “Qarğa, məndə qoz var!” deməkdir.
Biz isə gözəlim milli mentalitetimizə – qısaca “mm” da demək olar – (Milli Məclis və Misir Mərdanovla qarışdırmayaq, hərçənd ki, həmin o isimlər də milli mentalitetimizin məhsuludur) söykənib, kimsənin iqtisadi böhranına qozumuzu göstərmərik.
Həm də iqtisadi böhran kibrit və yaxud banan deyil ki, mütləq kənardan gəlsin. Öz dost-doğma milli iqtisadi böhranımıza nə gəlib ki? Illərdir inkişaf edərək həyatımızın ayrılmaz parlaq parçasına çevrilib. Dünyanın yüz iqtisadi böhranı bizimkinin ayağının tozu da ola bilməz. Amma, biz başqaları kimi “panika”ya düşmürük. Nədən ki, təmkinli və dözümlü xalq ayarını boynumuza elə yapışdırıblar ki, fələk özü neçə ildi əlləşib qoparda bilmir.
Bu uzun müqəddimə nəyə gərəkdi? – deyə soruşub söhbətin mustafasını öyrənmək istəyəcəksiniz (Əslində bu ibarə də sırf milli mentalitetdən doğur, çünki heç bir xalqın belə bir ehtiyat mustafa xəzinəsi yoxdu). Boynumuza alaq ki, ölkəmizdə hər kəs “mus-mus” deyir, amma kimsə ürəkli “mustafa” deyə bilmir. Çünki bu “mus-mus”un mustafası xeyli öskürəkli şeydi. Yəni hətta “istefa” bunun yanında toya getməlidir. Təbii, mən də sözümün mustafasını deyə bilməyib sadəcə söz güləşdirirəm. Ölkəmizdə hər kəsin əlahiddə həvəs və bacarıqla məşğul olduğunu nəzərə alsaq, bu söz güləşi növü niyə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa çempionatına daxil edilməsin? Azərbaycan gerçəkliyində bu ən yerinə düşən növbəti addımlardan olardı.
Uyğun gəlmədi, deməyin… Bizə qalsa, heç Ilham Əliyevdən də prezident olmazdı. Olmadımı?! Həm də analoqsuzundan!..