AŞPA- da Azərbayca nümayəndələri nələri deyə bilmədilər ?

Niyə bizim deputatlar danışa bilmirlər?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Dünən yəqin ki, bir çoxlarınız Avropa Şurasında keçirilən müzakirələri izlədiniz. Əslində, bu müzakirələr ölkənin təqdimatı idi. Xarici siyasət kursunun yanlış olması, buraxılan səhvlər aydındır. Ancaq Azərbaycan nümayəndə heyətinin sözün əsil mənasında səviyyəsiz çıxışlarını, öz fikirlərini əsaslandırılmış şəkildə təqdim edə bilməmələrini görəndə istər istəməz əsəb gərginliyi keçirməli olursan.
Üç tərəfli bəyanatın ziddinə olaraq Qarabağda bu günə qədər qanunsuz silahlı birləşmənin saxlanılması, 44 günlük savaşdan sonra 10 minlərlə ermənilərin ərazidə yenidən məskunlaşması fonunda etnik təmizlənməyə məruz qalmış Azərbaycan türklərinin hələ də öz yerlərinə qayıda bilməməsi, Laçın dəhlizinin üç tərəfli bəyanatın ziddinə olaraq humanitar məqsədlərlə istifadə edilməməsi, oradan silah və terrorçuların daşınması, Ermənistanın Laçın dəhlizinə qarşılıq indiyə qədər Zəngəzur yolunu açmaması, Azərbaycanın öz ərazisi olan Laçın yolunda yük daşımalara gömrük nəzarəti hüququnun olması, BMT qətnamələrinə əsasən Ermənistanın işğalçı olması və bu gün də 7 kəndin Ermənistan işğalında qalması, bu ölkənin Qafqazda yeganə monoetnik ölkə olmasının səbəbləri, 12-13 sentyabrda hələ ki, delimitasiya olunmamış sərhəddə yaranmış münaqişənin işğal olmadığı, Bakının hazırkı mübahisəli vəziyyətin delimitasiya və demarkasiya ilə həllinə hazır olması, Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedərkən Rus dilinin ikinci dövlət dili elan etmiş separatçı qurumun bu danışıqların nəticəsini qəbul etməyəcəyini bəyan etməsi, Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarının yaşayış təminatını həl etmək üçün hər cür əməkdaşlığa hazır olması, Azərbaycanın Laçın yolu ilə humanitar yüklərin daşınmasına mane olmadığını bildirməsinə rəğmən Ermənistanın gündəlik tələbat mallarının yüklənmiş nəqliyyat vasitələrini Qarabağa qəsdən göndərməməsi və bu yolla da Azərbaycanı haqsız duruma salmağa çalışması barədə həqiqətlər təəssüf ki, deyilmədi.
Niyə deyilmədi ki, əgər blokada varsa, nəyə görə sərhəddə gözləyən yük maşınlarının bir foto, video görüntüsü heç yerdə yoxdir? Demək ki, bilə – bilə ki, ekoaktivistlər bu yük maşınlarınının keçidinə mane olmayacaqlar, qəsdən Ermənistan bu maşınların Qarabağa göndərilməsini saxlayıb Azərbaycanı haqsız vəziyyətə salmaq istəyir.
Deyilən bəzi məsələlər də o qədər bəsit ifadə olundu ki, auditoriyada heç bir təsir yaratmadı.
Açıq aydın göründü ki, Səməd Seyidov, Rəfail Hüseynov, Nigar Arpadari və adlarını bilmədiyimiz digərləri beynəlxalq səviyyədə debatlara çıxarılası adamlar deyillər axı. Bu adamlar heç bir siyasi prosesdə, debatlarda yetişməyiblər, siyasətçi deyillər, polemika qabiliyyətləri və hazırlıqları olmayan, siyasi iş üçün yarasız adamlardır. Onların bir analitik yazısını, konseptual yanaşmasını indiyə qədər kimsə görübmü ? Bu adamlar bu səviyyə ilə beynəlxalq auditoriya qarşısında çıxış üçün uyğun deyillər . Belələrini deputat təyin edib beynəlxalq tədbirlərə göndərəndə təbi ki, gedib işi yarııtmayacaqlar.
Heç olmasa burda ekspert qrupu yaradıb hazır mətnlər yazıb bu adamların əlinə vermək lazımdır ki, gedib heç olmasa yazılanları üzündən oxusunlar.