Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyib ki, səhhətində yaranmış ciddi problemlərə baxmayaraq, sonadək aclığı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, durumu hər keçən gün daha da ağırlaşır. Özünə də təcridxanada bu haqda xəbərdarlıq olunur.
“Bunun beynimdə yarana biləcək fəsadları və başqa ağır nəticələr barədə hər gün mənə deyirlər. Mən ölümümü gözə almışam və buna görə narahat deyiləm. Amma onu da bilin ki, mənim başıma gələcəklərə görə siz də məsuliyyət daşıyacaqsınız”, – Hacıyev yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində onun haqqında həbs-qətimkan tədbirinin uzadılması qərarından verilmiş şikayətə baxılarkən deyib.
Apellyasiya şikayətini Hacıyevin vəkilləri Xətai Rayon Məhkəməsinin qərarından verib. Xətai Rayon Məhkəməsinin yanvarın 21-də çıxardığı qərara əsasən, ictimai fəal barəsində istintaq dövrü üçün həbs-qətimkan tədbirinin müddəti daha bir ay – fevralın 28-nə qədər uzadılıb.
Vəkillər apellyasiya şikayətində də göstərib, məhkəmədə də deyib ki, Hacıyevin istintaq dövründə həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Çünki ağır cinayətdə ittiham olunmur, cəmiyyətdə nüfuzu olan adamdır, yaşayış yeri məlumdur və s.
Müstəntiqin arqumenti
Müstəntiq isə etiraz edib. Deyib ki, 2010-cu ildə Hacıyev Gürcüstana keçmək istəyəndə saxlanılıb, azadlıqda olanda hazırkı cinayət işi üzrə şahidlərdən birinə təzyiq göstərməyə çalışıb və s. Ona görə də istintaq getdiyi dövrdə azadlıqda qalsa, prosesin gedişinə təsir göstərə bilər.
Hacıyev onun dediklərinə etiraz edib: “Həmin vaxt mən təqsirləndirilən şəxs deyildim, o adam da şahid deyildi. Mən söhbət əsnasında nəsə soruşmuşam. Bunu şahidə təzyiq kimi qiymətləndirmək heç bir çərçivəyə sığmır…”.
İctimai fəal vurğulayıb ki, hər dəfə onun məhkəməsi keçiriləndə məhkəmə binalarının ətrafı polislərlə mühasirəyə alınır. Onun sözlərinə görə, bütün bu baş verənlərin səbəbi bir nəfərin hikkəsidir. Hacıyev iddia edir ki, başına gələnlərin sifarişçisi Daxili İşlər naziri Vilayət Eyvazovdur.
Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb. Onun barəsində həbs-qətimkan tədbirinin müddətinin 28 fevrala qədər uzadılması haqda qərar qüvvədə qalıb.
Azadlıq radiosu