Avropa Şurasının Nazirlər Komitəsinin Prezidenti, İslandiyanın Xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın dəhlizini açmağa çağırır.
Yanvarın 19-da yaydığı bəyanatda Reykfyord Gilfadottir Laçın dəhlizinin bir aydır blokadada qalmasının Qarabağda yaşayan əhali üçün humanitar vəziyyəti getdikcə təhlükəli həddə çatdırmasından narahatlıq bildirib.
“Müvafiq hakim orqanları dəhlizdə hərəkət azadlığını tezliklə bərpa etməyə, vəziyyətin getdikcə ağırlaşmasının qarşısını almağa çağırıram. Tərəfləri narahatlıqlarını dialoq yoluyla həll etməyə, bu yöndə səylərə töhfə verməyə çağırıram”, – bəyanatda deyilir.
+++
Yanvarın 18-də axşam Avropa Parlamentinin plenar iclasında “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” mövzusunda müzakirə keçirilib. AzadlıqRadiosunun erməni xidməti – Azatutyun müzakirənin insan haqları, demokratiya və hüququn aliliyinin pozulması hallarına həsr olunmuş dinləmələr çərçivəsində baş tutduğunu yazır.
Məlumatda deyilir ki, deputatların hazırladığı qətnamə layihəsi Azərbaycanı Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini dərhal açmağa, Ermənistanla Qarabağ arasında nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmaqdan çəkinməyə çağırır. Sənəddə Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi tənqid olunur, BMT və ATƏT-ə faktların təsbiti, tərəfləri Helsinki Yekun aktının prinsipləri əsasında sülh danışıqlarının bərpasına səsləmək üçün dəhlizə missiya göndərmək müraciəti edilir.
“Azatutyun” çıxış edən deputatların Azərbaycan tərəfinin “saxta ekoloji şüarlarla” yolu bağlamasını kəskin tənqid etdiyini yazır. Laçın dəhlizində təhlükəsizlik üçün məsuliyyət daşıyan Rusiya tərəfinin də fəaliyyətsizliyi qınanıb.
Contact.az