İqtisadçı alim Qubad İbadoğlu
İlham Əliyev əhalinin sosial müdafiəsinə dair əlavə və təxirəsalınmaz tədbirlər həyata keçirməzsə Heydər Əliyev ili yoxsulluq və işsizlik ili kimi tarixə düşə bilər. Belə ki, prezidentin son fərmanı ilə bəzi müavinət məbləğlərində heç bir dəyişiklik baş vermədi. Onlardan ən vacibi müharibə veteranlarına və məcburi köçkünlərə verilən müavinətdir. Baxmayaraq ki, hər iki müavinətin məbləği çox aşağıdır: birincisi 80 manat, ikincisi isə 60 manatdır.
Müharibə veteranlarına prezident təqaüdü 2019-cu il 15 aprel fərmanı ilə təsis edilib və onun aylıq məbləği həmin ilin aprelin 1-dən 80 manat müəyyən olunub. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq 60 manata çatdırılıb. Lakin, yüksək inflyasiya qeydə alınan son 4 ildə hər iki müavinət məbləği alıcılıq qabliyyətini əhəmiyyətli dərəcədə itirsə də onların heç biri indiyədək artırılmayıb.
Məcburi köçkünlər yurdlarına qayıtsaydılar, hazırkı münasibətin izahı olardı, amma əsasən onların mülkiyyət hüququnda olan işğaldan azad edilmiş ərazilərdə hakim ailəyə və ona yaxın şirkətlər türkiyəli ortaqları ilə birlikdə biznes qursalar da, məcburi köçkünlər onlara məxsus torpaqlarının üzünə hələ də həsrətdirlər.
Belə davam edərsə 2023-cü il – Heydər Əliyev ili – yoxsulluq və işsizlik ili kimi yaşam şərtlərinin çətinləşdiyi pis il kimi yaddaşlarda qalacaq.