Dnepr şəhərində yaşayış binasına Rusiyanın raket zərbəsindən ölənlərin sayı 40-a çatıb. Axtarış-xilasetmə işlərinin 40 saatdır davam etdiyi bildirilir.
Yanvarın 16-da Moskva və Minsk hava qüvvələrinin birgə təlimlərinə başlayıblar. Belarus təlimlərin müdafiə xarakterli olduğu bildirsə də, bu xəbər Moskvanın Minski Ukraynadakı müharibəyə cəlb etməsi sarıdan narahatlıqların artması fonunda yayılıb.
Rusiyanın yeni hücumlarının dəf olunduğu bildirilir
Ukrayna ordusunun yanvarın 16-da yaydığı məlumata görə, ölkənin şərqində Rusiyanın yeni hücumları dəf olunub. Luqansk və Donetsk vilayətlərində Ukraynanın mövqelərinin Rusiya qüvvələri tərəfindən hədəfə alındığı bildirilir. ABŞ isə Almaniyada Ukrayna qüvvələri üçün genişləndirilmiş döyüş təlimi proqramının başlandığını açıqlayıb.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 15-də Ukrayna qüvvələri strateji Baxmut şəhərindən şimalda yerləşən Soledarda “mövqelərini demək olar saxlayıb”. Həftəsonu orada intensiv döyüşlərin getdiyi deyilir.
Ukrayna ordusu Rusiya qüvvələrinin Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində də enerji və mülki infrastrukturu hədəfə alındığını açıqlayıb.
ABŞ-nın Birləşmiş Qərargahlar başçısı general Mark Milli (Mark Milley) deyib ki, yanvarın 15-də Almaniyada Ukrayna qüvvələri üçün kompleks döyüş təlimi proqramı başlanıb.
Millinin dediyinə görə, proqram irimiqyaslı döyüşlərə fokuslanır, məqsəd növbəti 5-6 həftə ərzində 500-dək ukraynalı əsgərə təlim keçərək onların döyüşə qayıtmasıdır.
İndiyədək Birləşmiş Ştatlar azı 3 min 100 ukraynalı əsgərə müəyyən silah sistemlərindən, o cümlədən qaubitsa, zirehli texnika, HIMARS-lardan istifadə və onlara qulluqla bağlı təlim keçib. Digər Qərb müttəfiqləri də Kiyevə verdikləri silahlar üzrə təlim keçirlər.
+++
Azadlıq radiosu