İnzibati qaydada həbs olunan, 7 gündür aclıq aksiyası keçirdiyi bildirilən və yanvarın 11-də Məlikov adına 6 saylı Xəstəxanaya yerləşdirilən Müsavat üzvü Tofiq Yaqublunun vəziyyətinin sabitləşdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna yanvarın 12-də ona baş çəkən həkim Adil Qeybulla danışıb. Onun sözlərinə görə, T.Yaqublu aclığa uyğun müəyyən çəki itirib: “Amma onun yaşı və həbsdən əvvəl edilmiş əməliyyatdan (öd kisəsindən əməliyyat olunub-red.) tam reabilitasiya olunmaması öz təsirini göstərir”.
Həkim bildirib ki, dünən, yanvarın 11-də xəstəxanada müalicə tədbirləri görülüb: “Bunun nəticəsində o, özünü nisbətən yaxşı hiss edir. Amma bununla yanaşı, sadaladığım məsələləri nəzərə alsaq, onun aclıq aksiyasına vaxtında son qoyulsa, yaxşı olardı”.
Bu fikirlərə, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Vəkil xəstəxanada Tofiq Yaqublu ilə görüşüb
Yanvarın 11-də axşam saatlarında vəkil Aqil Layıc xəstəxanada Tofiq Yaqublu ilə görüşüb.
Vəkilin sözlərinə görə, Yaqublu vəziyyətinin kritik olmasına baxmayaraq aclıq aksiyasını dayandırmayıb:
“Tofiq Yaqubluya qida əlavəsi olmayan sistem köçürüblər. Bu sistem qanın durulması üçün köçürülüb.”.
Vəkilin sözlərinə görə, Yaqublunun yanına həkim Adil Qeybulla da buraxılıb.
Bu açıqlamaya, hələlik, sözü gedən xəstəxanadan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Tofiq Yaqublu xəstəxanaya aparılıb
Tofiq Yaqublunun xəstəxanaya aparıldığı bildirilir. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
Onun deməsinə görə, Tofiq Yaqublu Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya yerləşdirilib.
Tofiq Yaqublunun inzibati həbs müddəti 11 gün sonra, yanvarın 22-də başa çatmalıdır.
“O müalicəsini tam xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq” sualına cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Turan”a bildirilib ki, yanvarın 11-də həkim Adil Qeybulla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb:
“Həkimin məsləhəti ilə Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.”
Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilirdi
İnzibati qaydada 30 gün həbs edilən və 7-ci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilir.
Bu barədə yanvarın 11-də T.Yaqublu ilə görüşən həkim Adil Qeybulla AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, T.Yaqublunun qan təzyiqi 80/60-a düşüb, başgicəllənmələri var, özünü halsız hiss edir. “Hazırda onun xəstəxanaya köçürülməsinə çalışırıq”, – o bildirib.
Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Dövlət Departamenti Yaqublu və Hacıyevi ‘operativ qaydada’ azad etməyə çağırır
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin təmsilçisi hazırda Azərbaycanda həbsdə olan hökumət tənqidçiləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsinə münasibət bildirib.
“Biz Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays (Ned Price) gündəlik brifinqdə “Turan”ın sualına cavabda bildirib.
“Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq”, – o, sözünə davam edib.
Yaqublu və Hacıyev hazırda həbsdə aclıq aksiyası keçirdikləri bildirilir.
Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqları və əsas azadlıqlara hörmətin təşviqinə sadiqdir: “Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.
ABŞ Dövlət Departamentinin təmsilçisi bundan əvvəl də ictimai fəal B.Hacıyev ilə bağlı oxşar çağırışlarını dilə gətirmişdi.
N.Praysın bu açıqlamarına, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu iddia edirlər.
Müsavat qərargahında aksiya…
Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində verilən yeməyin keyfiyyətinin artırılması tələbi ilə artıq beşinci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqubluya dəstəyin genişləndiyi deyilir. Onun başlatdığı aclıq aksiyasına qoşulan şəxslərin sayının artdığı bildirilir.
Yanvarın 9-da Müsavat Partiyasının qərargahında yeddi nəfər T.Yaqublunun müdafiəsi məqsədilə aclığa başladıqlarını açıqlayıblar. Onlar Müsavat üzvü Əziz Məmiyev, AXCP üzvləri Babək Həsənov, Əlizamin Salayev, Tofiq Məmmədov, Ceyhun Novruzov, Sakit Məhəmmədli və Əlizamin Kazımlıdır.
T.Yaqublunun xanımı Maya Yaqublu da ərinə dəstək məqsədilə artıq dörd gündür aclıq aksiyası keçirdiyini vurğulayır.
Azadlıq radiosu