Qazdığınız quyu

Bir gəncin cibinə narkotik atılaraq şərlənib həbs olunur.

Iki-üç sözdən ibarət bir xəbər… Və bu işi təşkil edib, sifariş verənlər də bir gəncin taleyini, gələcəyini, arzularını qaraldaraq sakitcə öz işlərilə məşğuldular. Gecələr rahat yatır, səhər işə gəlib növbəti şərləmə, ya da kiməsə işgəncə verib öldürməyin planlarnı cızırlar.
Hər şey məhz belədi…

Həbs olunan Cabbar adlı gəncsə əslində, nə narkomandır, nə də xuliqan. O, ölkəsinin gələcəyini düşünən, onun normal şərtlərlə idarə olunmasını arzulayan bir gəncdir. Şübhəsiz ki, bu gəncin şərlənib tutulması planını hazırlayanların övladları qətiyyən millət, vətən şüuruna sahib deyil. Onlar haram yolla qazanılmış pulları harınlığın ən son zirvəsində xərcləyərək yaşayırlar.

Narkoman adı ilə həbs olunansa saf, təmiz bir gəncdir.

Yazdığım məqaləni bir müxalif fikirli yazarın düşüncələri kimi qəbul etməyin. Dünya tək iqtidar və müxalifət qanunları, yanaşmalarıyla idarə olunmur. Insanlıq hər şeydən ötədir və mənim üçün çox maraqlı olan bir məsələ var. Görəsən, bir gənci bu qədər sakit və asanlıqla şərləyib tutanların özləri xidmət etdikləri bu şər aparatının içində çoxmu rahatdılar? Onlardan tələb olunan rüşvəti yığıb “yuxarılara” çatdırmaqdan ötrü azmı təhqir olunurlar? Güvənli saydıqları kürsülərindən azacıq o tərəfdə hər gün incitdikləri, haqsızlığa məruz qoyduqları insanların qarğış, nifrətilə üz-üzə yaşamaq asandırmı bu adamlara? Axı bu cür naqislikləri asanlıqla edənlər nəyə arxayındır? Taleyinin bir gün vaxtilə bu iqtidara sadiqliklə xidmət etmiş Əli Insanovdan, Fərhad Əliyevdən fərqli olmayacağı əndişəsini daşımırmı? Kim təminat verir ki, kiminsə qəzəbinə gəlib bir günün içində “vurulmuş” məmurların siyahısına düşməyəcək?
Gürcüstanda məmurlar rüşvət almır. Amma daha kimisə şərləyib tutmurlar, günahsız gənci döyüb öldürmürlər də… Təbii olaraq rüşvət almadığına görə bizim məmurlardakı sərvətə sahib deyillər. Amma onları kimsə söyüb təhqir etmir, kimsə də onlara qarğış yağdırmır. Bütöv bir millətin qəzəbilə də üz-üzə deyillər. Təbii ki, boğaza qədər cinayətə də batmayıblar!

Azərbaycandasa dünyanın bütün qanunauyğunluğunu heçə sayıb hər şeyi iqtidar, zor, güc qanunlarına tabe etdirmək istəyən bir məmur ordusu var. Və bu məmurlar ordusu sanki köhnə dünyadan miras qalmış bir yönətimlə ölkəni idarə edəcəyinə özlərini inandırıb elə bu üsullarla da davam etməkdə israrlıdır. Dünənə qədər kimsənin, qalxacağına inanmadığı xalqlar – tunislilər, misirlilər ayaqlanır və artıq müasir dünyanın üzündə qara ləkə olan rejimlərin də əbədi zor gücünə var olacağı düşüncələri sökülüb dağılır. Bütün bunlar baş verərkən bizdə nələr yaşanır? Günahı ancaq öz ölkəsinin gələcəyini düşünmək olan bir gənc ən primitiv üsullarla şərlənərək həbs olunur! Amma onu həbs edənlər anlamaq istəmir ki, həbs olunan tək o gənc deyil. Onların hərəkəti əslində, elə öz gələcəklərini həbs etmək, özlərini bu xalqın qəzəbilə üz-üzə qoymaqdır. Axı nə qədər sərvətə sahib olsalar da, övladları xarici ölkələrdə yaşasa da, ölənlərinin məzarı bu torpaqlardadır.
Bəlkə mən sadəlövh düşünürəm, vətəni düşünməyən ölüsünün məzarını da düşünmür?

Bəlkə düşünmür, bilmirəm, amma tək bildiyim odur ki, hər kəs öz qazdığı quyuya düşür, mütləq!

Indi quyu qazanlar, siz də o quyunu elə qazın ki, yıxılanda oradan çıxa da biləsiniz…