Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dekabrın 28-də axşam saatlarında 14 gün sürən aclıq aksiyasını dayandırdığı bildirilir

Bu barədə dekabrın 29-da gənc fəalla görüşən onun vəkili Aqil Layıc məlumat verib. Vəkilin sözlərinə görə, B.Hacıyev aksiyanı hər hansı təzyiq olmadan dayandırıb: “Bəxtiyar bəy ictimaiyyətin, vəkillərin mövqeyini və ailəsinin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıb”.

A.Layıc qeyd edib ki, hazırda B.Hacıyev həkimin nəzarəti altında qida qəbul edir: “Səhhəti hazırda normaldır”.

Hələlik, bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Həbsinə etiraz etdiyini bildirən gənc fəal dekabrın 15-də apellyasiya şikayətinə baxılarkən aclıq aksiyasına başladığını açıqlamışdı.

Adil Qeybulla Bəxtiyar Hacıyevə baş çəkib

Tibbi elmlər doktoru Adil Qeybulla bu gün, dekabrın 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində aclıq aksiyası keçirdiyi bildirilən Bəxtiyar Hacıyevlə görüşüb.

A.Qeybulla bildirib ki, görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi icazə verib: “Müayinə prosesi Tibb İdarənin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəriciləri stabildir: arterial təzyiqi 110/70, nəbzi 80, şəkəri 5 mmol/l. Çəkisi 77.5 kilodur”.

“Həyatı üçün təhlükə yoxdur…”

Həkimin sözlərinə görə, B.Hacıyevin huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb: “Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi. Əlavə dəstək müalicəsi kimi su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi …və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir”.

Vəkilləri B.Hacıyevin təcridxanaya daxil olanda 84.5 kiloqram olduğunu açıqlamışdılar. O, dekabrın 15-də apellyasiya şikayətinə baxılarkən aclıq aksiyasına başladığını bildirmişdi.

A.Qeybullanın bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu