“Ölkə hərtərəfli xaos mərhələsindədir, burada kriminal mahiyyətli, mafioz hakimiyyət var”
18 yaşlı əsgər Ceyhun Qubadovun tükürpədən ölümünə cəmiyyət ciddi təpki nümayiş etdirdi. Baş verən hadisəyə qısa müddət ərzində ictimaiyyət təmsilçiləri sərt reaksiyalarını verdilər. Statistik məlumatlara görə, ötən il ordumuz 97 nəfər itki verib. Onlardan 77 nəfəri qeyri-döyüş şəraitində dünyasını dəyişib. Zorakılıq nəticəsində dünyasını dəyişən əsgərlər barədə çox az məlumat mətbuata yola tapıb. Lakin sonuncu əsgər ölümü sanki cəmiyyətin səbr kasasının daşmasını təzahürü sayıla bilər. Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevlə müsahibəmizin birinci sualı baş verənlərə cəmiyyətin reaksiyasını necə qiymətləndirməsiylə bağlı oldu:
– Artıq cəmiyyət haqsızlıqlara, yalana, riyakarlığa dözmür. Ümumiyyətlə, Azərbaycan dövlətinin hərbi siyasətində, hərbi doktrinada kifayət qədər qüsurlar var. Biz bunu bir çox hallarda deməkdən çəkinirdik. Amma artıq o qədər dəhşətli faktlar təzahür edir ki, Azərbaycanda ən korrupsiyalaşmış struktur ordudur. Bu isə nəinki orduya, Azərbaycana başucalığı gətirmir. Çünki Azərbaycan müharibə şəraiətindədir. Bu və ya başqa formada hər bir ailə ordu ilə bağlıdır. Hər kəs ordudakı dəhşətlərin şahididir. Ona görə ermənilər narahat olmasın, ordudakı bit-birə, ciddi problemlər bizim ordunu məhv edəcək. Orduda nizam-intizam aşağıdır. Azərbaycanın ərazi bütövlüyünü qoruyan balalarımıza münasibət biabırçı dərəcədədir. Cəmiyyət artıq dözmür. Biz indiyə qədər baxırdıq, amma görmürdük nə baş verir. Ölkə hərtərəfli xaos mərhələsindədir. Amma cəmiyyət də artıq fəallaşıb və sözünü deməkdən çəkinmir. Son əsgər ölümü də sonuncu damla oldu.
Hakimiyyət aqoniya içərisindədir
– Bu hadisənin ictimailəşdirilməsi nəticəsində hakimiyyət müəyyən addımlar atmağa və günahkarları qismən cəzalandırmağa məcbur oldu. Amma qanun pozuntuları təkcə Müdafiə Nazirliyi ilə məhdudlaşmır. Nəqliyyat Nazirliyi, Gömrük, hüquq-mühafizə orqanlarında da vətəndaşlar ciddi qanun pozuntuları ilə üzləşir, həyatlarını itirirlər. Bu hadisələrin də qabardılması nəticə verə bilərmi?
– Insanlar öz haqları uğrunda mübarizə aparmalıdırlar. Azərbaycanda anloqu olmayan idarəetmə sistemi qurulub. Bu nə avtoritarizmdir, nə diktaturadır. Azərbaycanda kriminal mahiyyətli, mafioz hakimiyyət var. Ona görə də hər sahədə hüquqlarımız pozulur. Insanlar nəhayət dərk etməlidirlər ki, atılan güllə ondan keçib qonşusuna dəymir, sabah bu ona da dəyə bilər. Ona görə hamı hüquqları uğrunda mübarizə aparmalıdır. Hakimiyyət aqoniya içərisindədir. Cəmiyyət də bunu hiss edir. Son baş verən olaylara diqqət yetirsək, bunu görərik. Mövsüm Səmədovun siyasi baxışlarına görə həbsi, cəbhəçi gənclərə qarşı təzyiqlər, onların cərimələnməsi, Hilal Məmmədovun, Nigar Yaqublunun hələ də həbsdə saxlanılması hakimiyyətin mahiyyətini göstərir. Azərbaycanı demokratik görmək istəyən insanların təqib olunması, həbsi onu göstərir ki, biz hüquqi dövlət deyilik. Biz krminal hakimiyyətin rəhbərliyi altında yaşayırıq. Biz çoxdandır vergül qoymaqla yaşayırıq, hazırda nöqtə qoymağın zamanıdır.
– Böyük faciə yaşayan anadan təzyiqlər yolu ilə Ilham Əliyevin təriflənməsi üçün açıqlama alınması nə dərəcədə düzgün addımdır?
– Uşağın anasını qınamıram. Yəqin ki, ona təzyiqlər olunub. Ümumiyyətlə, iqtidar nümayəndələri öz qəzetlərində deyirlər ki, bu məsələni siyasiləşdirmək lazım deyil. Onlar dərk etmirlər ki, bu işin özü artıq siyasidir. Bu, taleyüklü məsələdir. Insanların taleyi həll olunur, bu məsələdə. Yalnız iqtidar nümayəndələrinə aid deyil. Bu məsələ bütün xalqın olduğundan artıq siyasidir. Əsgərin anasını qınamıram. O, həm uşağını itirib, həm də hakimiyyət nümayəndələrinin təzyiqi ilə üzləşib. Əlbəttə, belə durumda valideynə təzyiqin edilməsi mənəvi baxımdan düzgün deyil.
Məmləkətimizi xilas etməliyik
– Elşad Abdullayevin açıqladığı videolarda yüksək çinli məmurların adı hallanır. Onlar vəzifələrindən kənarlaşdırılmadığı halda Elşad Abdullayevin yaydığı video ilə bağlı araşdırma ciddi nəticələr verə bilərmi?
– Mən artıq o yaşdayam ki, nağılları sevdiyim qədər də ona inanmıram. Yaradılan komissiya və atılan addımlar bir nağıldır. Bu cür addımlar sirkdə klounun öz ayağını tapdalaya-tapdalaya getməsinə bənzəyir. Hakimiyyət bir səhvi düzəltmək üçün daha bir səhv addım atır və istintaq komissiyası yaradır. Daha sonra bu komissiyanın işini pərdələmək üçün növbəti yalanı deyir. Yalan öz ardınca daha ağır yalanlar gətirir. Azərbaycan məmurları nə dərəcədə yalançıdırlarsa, yürütdükləri siyasət də yalanın üzərində qurulub. Şəxsən Elşad Abdullayevə münasibətim mənfidir. Amma onun yaydığı videolar cəmiyyətdə hamının bildiyi həqiqətləri görüntü vasitəsilə təsdiqlədi. Normal ölkədə nəinki adları halanan məmurlar istefa verməli idi, onlar istintaqa cəlb olunmalı, günahkarlar cəzalandırılmalıydı. Bu hadisələrdən sonra total surətdə hakimiyyətdə istefalar olmalı idi. Bu istefalar prezidentdən başlayardı. Amma təəssüf ki, biz anormal ölkədə yaşayırıq.
– Bu videolar nələri ortaya qoydu?
– Bu videolar parlamentin saxta yolla, pulla formalaşdırılmasını ortaya qoydu. Eyni zamanda hüquq-mühafizə orqanlarında cinayətkarların təmsil olunduğunu göstərdi. Amma bütün bunlarla yanaşı bu videolar hakimiyyətin xislətini ortaya qoydu. Azərbaycan dövləti Konstitusiyaya görə üç ayağın üzərində dayanır. Hazırda hakimiyyətin hər üç idarəetmə dayaqları yerdən üzülüb. Hakimiyyət hazırda havadadır. Ona görə demokratik qüvvələr öz haqlı mübarizələrində daha aktiv olmalıdırlar. Azərbaycan çox pis vəziyyətə düşüb. Ona görə məmləkətimizi xilas etmək üçün əlimizdən gələni etməliyik.
– Elşad Abdullayevin yaydığı videoların konkret şahidləri var. Onlardan biri bu yaxınlarda Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişdi. Digər şahid Gülər Əhmədova isə hələ də susur. Sizcə, baş verənləri danışaraq həqiqətləri deməklə o özünü sığortalamış olmazdımı?
– Danışmamaqla çox şey qazanmaq olarsa, lal olmaqla hər şeyi itirmək mümkündür. Mənə elə gəlir ki, hətta bəzi şahidlər intihar belə edə bilərlər.
Şanslı namizədi dəstəkləməliyik
– Hazırda demokratik qüvvələrin seçkidə iştirakla bağlı bir neçə fikri var. Sizcə, onlardan hansı reallığa daha çox uyğundur. AXCP geniş koalisiya yaradaraq seçkiyə qatılmaq, Müsavat isə indidən vahid namizədi müəyyənləşdirərək seçki prosesinə start verməyi daha məqbul sayır.
– Mən birlik məsələsində AXCP-nin mövqeyini dəstəkləyirəm. Azərbaycan reallığında geniş koalisiyanın yaradılması daha uyğundur və bu təklif reallığa cavab verir. Əlbəttə, sonda da əsas namizəd olmalıdır. Biz seçki mühitini təkmilləşdirməsək, seçki qanununa ciddi dəyişikliklər etməsək, heç bir xeyri yoxdur. Bunlar olmasa, dünən etdiyimiz səhvləri yenidən buraxacağıq. Ona görə də demokratik düşərgədəki son zamanların fikir ayrılığı məni sıxır. Mən hesab edirəm ki, hərə öz işini görməli və demokratik düşərgənin əməkdaşlığı mozaika ilə işləyən rəsamın əl işinə bənzəməlidir. Bir yerdə biz nəticə əldə edə bilərik.
– Bir ziyalı və təşkilat rəhbəri olaraq seçkiyə hansı formada qatılmaq niyyətindəsiniz?
– Əgər demokratik qüvvələrin əməkdaşlığı geniş koalisiyaya gətirərək, xalq hərəkatına çevrilsə, onun namizədini ikiəlli dəstəkləyəcəm. Bu addımı mən həm təşkilat rəhbəri, Ziyalılar Forumunun bir üzvü, sadə vətəndaş kimi atacam. Çünki bundan o tərəfə yol yoxdur. Hesab edirəm ki, bu gün üzdə olan siyasətçilərimiz indidən dəstəklənməli və ruhlandırılmalıdır. Bunlardan biri AXCP sədri Əli Kərimli, digəri Isa Qəmbərdir. Əgər Ziyalılar Forumunun namizədi olacaqsa, ona da dəstəyimi ifadə edəcəm. Ziyalılar Forumunun başqa üzvlərindən fərqli olaraq düşünürəm ki, bu təşkilatın da öz namizədi olmalıdır. Yəni müəyyən mərhələdə kimin şansı daha çoxdursa, kim real, perspektivli iş görə biləcəksə, sonda onun ətrafında toplaşmalıyıq.
– Hazırda hakimiyyət 2013-cü il seçkilərinə beynəlxalq müttəfiqləri olan Rusiya və Iranla gərgin münasibətlər fonunda gedir. Eyni zamanda hakimiyyətə qarşı beynəlxalq aləmdə ciddi təzyiqlər var. Beynəlxalq media hakimiyyətin korrupsiya layihələrini ifşa edərək ictimailəşdirib. Eyni zamanda ölkədə daxili ictimai rəy hakimiyyətə qarşıdır. Bütün bu faktorları nəzərə alaraq qarşıdan gələn seçki hakimiyyətə nə vəd edir?
– Hesab edirəm ki, cəmiyyət bu seçki prosesində aktiv iştirak etməlidir. Cəmiyyət öz taleyinin tamaşaçısından iştirakçısına çevrilməlidir. Digər tərəfdən, düşünürəm ki, bu seçkidə əsaslı dəyişiklik olacaq. Çünki hakimiyyət nə daxili, nə xarici siyasətində ciddi uğur əldə edib. Hakimiyyət kubiklərlə bilyard oynamağa çalışır. Ona görə düşünərm ki, hakimiyyət özü də sonun başlanğıcının yaxınlaşdığını dərk edir. Hakimiyyətin bir xeyirxah addımı o ola bilər ki, qarşıdan gələn seçkinin normal keçirilməsinə imkan yaratsın.
Xəyal