«Fövqəlnazir» toyuq idxalını artırmaq üçün yerli istehsala hücuma keçib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yerli broyleri çökdürmək istəyir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, “fövqəlnazir”ə yaxın olan xəbər portallarında yerli broylerlər barədə araşdırma yazılar təsadüfi deyil. Həmin yazılarda yerli toyuqların insan həyatı üçün təhlükəli olduğunu xüsusi olaraq vurğulanır. Bu da toyuqların yetişidirilməsi zamanı kimyəvi maddələrdən istifadə olunması ilə əsaslandırılır.
Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərov idxal sahəsinə nəzarət etdiyi və özünün broyler təsərrüfatı olmadığı üçün yerli broylerlərin inkişafında maraqlı deyil. Bu onun biznesinin inkişafına ciddi əngəldir. Ona görə də yerli broylerlərə hücum əmri verib.
Toyuq biznesilə məşğul olan sahibkarlar isə bildirirlər ki, xarici broylerdə də eyni qaydalarla toyuq yetişdirilir. Deməli, həmin toyuqlar da insan həyatı üçün təhlükəlidir. “Biz broylerlərin işinə qarışmırıq. Bununla bağlı müvafiq orqanlar məşğul olmalıdır. Lakin bizi maraqlandıran odur ki, nədən ölkə idxal olunan broyler toyuqları barədə belə araşdırmalar yazılmır. Axı həmin toyuqlar da eyni qaydada yetişdirilir”,- deyə sahibkarlar vurğulayır.
Onların sözlərinə görə, bu sadəcə yerli istehsalın qarşısını almaq məqsədi daşıyır və bunda ölkəyə toyuq idxal edənlər maraqlıdır. Göründüyü kimi sahibkarların da fikirləri redaksiyamıza daxil olan məlumatlarla üs-üstə düşür.