Bir neçə ölkədən “Azadlıq”ın və digər media qurumlarının saytlarına kütləvi kiberhücumlar başlayıb
“Azadlıq” qəzetinin saytı (www.azadliq.info və ya www.azadliq.az) növbəti dəfə haker hücumuna məruz qalıb. Son hücum yanvarın 11-i saat 21 radələrindən başlayıb və aramsız olaraq getdikcə güclənib. Ukrayna, Rusiya və başqa ölkələr üzərindən eyni vaxtda 70-dən çox İP-dən ddos hücumları təşkil olunub, serverə saysız hesabsız botlar atılıb. Nəticədə server işini məcburən dayandırıb. Problem yanvarın 12-i səhər saatlarına qədər davam edib. Server xidmətinin gərgin çalışmaları sayəsində saytın işini bərpa etmək mümkün olub. Lakin hücumlar davam etməkdədir. Bu səbəbdən də sayta daxil olmaqda çətinliklər yaranır.
“Azadlıq” bu hücumlarla bağlı Azərbaycan rəsmi orqanlarına müraciət etmək niyyətində deyil. Çünki bundan əvvəl də bir neçə dəfə oxşar hücumlara məruz qalıb və bununla bağlı edilən müraciətlərə hər hansı müsbət nəticəli cavab almayıb. Qəzet belə hesab edir ki, bu hücumların arxasında elə Azərbaycan hakimiyyəti dayanır və ya hakimiyyət bunda maraqlıdır. “Azadlıq” üzləşdiyi son təxribatla bağlı beynəlxalq tərəfdaşlarını məlumatlandırıb. Server xidməti hücumları tamamilə dəf etmək və saytın normal fəaliyyətini bərpa etmək üçün çalışmalarını davam etdirir.
Qeyd edək ki, təxminən eyni vaxtlarda “musavat.com”, “qafqazinfo.az” və başqa saytlarda da hücumlar olmuşdu və onların da internet səhifələri açılmırdı. Böyük ehtimalla kiberhücuma əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı xəbərlərin oxunma sayı, həmçinin yanvarın 12-nə təyin edilən məlum aksiya səbəb olub. C.Qubatovla bağlı xəbərin təkcə “Azadlıq” qəzetinin internet səhifəsində oxunma sayı təxminən 200 mindir ki, bu da hakimiyyət üçün kifayət qədər narahatedici məqamdır. Qarşıdan seçkinin gəldiyini və daha tirajlı məlumatların yayılacağını nəzərə alsaq, hakimiyyətin bu hücumlarının hansı səviyyəyə qalxacağını təsəvvür etmək olar.
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin rəhbərliyi də hesab edir ki, məlum kiberhücumlara C.Qubatovun ölümü və əsgər ölümlərinə son qoyulması tələbilə keçirilən dünənki aksiya təkan verib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, qeyri-dövlət informasiya resurslarının təhlükəsizliyinə iki qurum cavabdehdir – Rabitə və İnformasiya Texnologiyaları Hazirliyi, həmçinin Milli Təhlükəsizlik Hazirliyi: “Qeyri-dövlət informasiya resurslarının təhlükəsizliyi ilə bağlı prezidentin fərmanı oldu. Bunun informasiya və metodiki tərəfi də Rabitə və İnformasiya Texnologiyaları Hazirliyinə tapşırıldı. Hazirliyə belə məqamlarda həmin resurslara texniki dəstək vermək də həvalə olundu. Fərmandan irəli gərərək nazirliyin nəzdində elektron təhlükəsizlik mərkəzi yaradılmalıdır. Bu mərkəz internet resurslarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır. Bu quruma sorğu göndərilməlidir ki, niyə qeyri-dövlət informasiya resurslarına qarşı bu cür hücumlar olur? Yəni üç ay bundan əvvəl bu məsələ qanunvericiliklə tənzimlənib. Məsələnin kibercinayətkarlıq tərəfi isə Milli Təhlükəsizlik Hazirliyinin səlahiyyətindədir. Dərhal bu nazirliyə də müraciət edilməlidir”.
O.Gündüzün sözlərinə görə, müdafiə üçün başqa bir üsul da resurs sahiblərinin öz imkanlarını genişləndirməsidir: “Komandanı gücləndirməli və müxtəlif serverləri yerləşdirməlidirlər. Bunun başqa yolu yoxdur”.
{edocs}azadliq_attack.pdf{/edocs}