Siyasilər hakimiyyətin müsibət içində olan anadan siyasi dəstək tələb etməsini başqa cür adlandıra bilmir
Daşkəsən rayonundakı “N” saylı hərbi hissədə döyülərək öldürülən əsgər Ceyhun Qubadovun anası bir neçə gün öncə cəmiyyətə xitab edərək bu hadisə barədə ictimaiyyətin susmamasını söyləmişdi. Lakin əsgər anasının az keçmədən yenidən xalqa xitab edərək hökumətə dəstək ifadə edən fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb. Çünki bu cür müsibət içində olan ananın dövlətə, onun rəhbərinə dəstək çağırışına məcbur edilməsi mənəvi kriteriyalarla bir araya sığmır.
AXCP sədri Əli Kərimli Ceyhun Qubadovun anasının son bəyanatlarına Facebook səhifəsində münasibət bildirib. Ə.Kərimli “Öldürülmüş əsgərimiz Ceyhunun anasını susdurdular. Həyatda yeganə ümidi olan oğlu öldürülmüş, göz yaşları içində olan anadan Ilham Əliyevə dəstək bəyanatı aldılar. Oğul dərdinə ağlamaqdan səsi tutulmuş anadan siyasi dəstək bəyanatı tələb etmək vicdansızlıq deyilmi?” deyə, bu barədə fikirlərini paylaşıb. Ə.Kərimli daha sonra yazıb: “Ananı qınamayın, biçarə qadın zor və şərin qarşısında duruş gətirə bilmədi. Indiyə qədər nə qədər övladı öldürülmüş valideyni susdurublar? Ayrılıqda hər birimizi öldürüb, valideynimizi də susdura bilməzlərmi?
Mübarizəmizin məqsədi daha aydın ifadə edilməlidir: Övladlarımız Ceyhun kimi öldürülməsin! Sinəsi dağlı analarımız susdurulmasın!”.
Əsgər anasının son müraciəti barədə açıqlama aldığımız yazıçı-publisist Mehriban Vəzir söyləyir ki, belə bir müsibət yaşamış qadının az keçmədən fikirlərini dəyişməsi əsassız deyil. Mehriban xanımın qənaətincə, əsas səbəb də hakimiyyətin bu məsələni siyasiləşdirməsidir: “Hakimiyyət belə müsibət içində olan, oğlunu, dayağını, həyatının mənasını itirən bir qadının, ananın bu günündən öz xeyrinə istifadə etmək istəyir. Məsələni siyasiləşdirən hakimiyyətdir. O bundan öz faydasına istifadə etmək istəyir. Ananın hətta başını, ağlını itirdiyi vəziyyətdə ondan istədiyi, özünə lazım olan fikri alır. Bu, mənəvi cəhətdən çox ayıb, aşağı bir hərəkətdir”.
M.Vəzir əsgər ataları, anaları, qardaş-bacılarının, ölən əsgərə aid olmayan insanların belə iştirak etdiyi aksiya meydanında Ceyhunun anasının yerinin göründüyünü söylədi. Onun da meydanda olmasını vacib sayan Mehriban xanım, həmin qadının aksiyada çıxış edən başqa analara mənəvi cəhətdən dəstək verməsinin lazımlığını dedi: “Mənə elə gəlir ki, o qadın, o ana həyatının heç vaxt düzəlməsi mümkün olmayacaq bir səhvini elədi. Həmin ananın bu an müdafiə edəcəyi bir varlıq yalnız onun oğlu olmalıydı. O, heç kimi müdafiə eləməməliydi. Ümumiyyətlə, bu məsələ siyasiləşməməliydi”.
AXCP sədrinin müavini Gözəl Bayramlı məsələni şərh edərkən hakimiyyətin bu məsələdə tamamilə biabırçı mövqe tutduğunu söylədi. Gözəl xanımın qənaətincə, mövcud hakimiyyət bir ananın övladını orduda olan özbaşınalıqlara görə qətlə yetirir, sonra da ona hədə-qorxularla, təzyiqlərlə, başqa bir açıqlama almaq üçün istifadə edir: “Hakimiyyət nümayəndələri çox güman ki, həmin əsgərin evinə gedib hədə-qorxu ilə əksinə fikir alıblar. Təəssüf ki, bu faciə təkcə bir ananın başına gəlməyib. Bu, Azərbaycanın faciəsidir. Təəssüfedici fakt budur ki, sabah orduya çağırılacaq əsgərlərimiz də belə hadisələrdən sığortalanmayıb. Hakimiyyət burda da öz ”mənəviyyatını” ortaya qoydu. Təəssüf ki, əsgər anası da hakimiyyəti dəstəkləyən belə bir bəyanat verdi”.
Nigar