Dekabrın 12-də Bəxtiyar Hacıyevin həbsindən apellyasiya şikayəti verilib.
Bu barədə Azadlıq Radiosuna onun vəkili Aqıl Layic bildirib. O deyib ki, bugün, dekabrın 12-də Kürdəxanı qəsəbəsindəki 1 saylı təcridxanada fəalla görüşüb.
Vəkilin sözlərinə görə, Hacıyevin saxlanma şəraitindən və onunla rəftardan şikayəti yoxdur.
İşi haqqında…
Bu cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır. Ötən ilin oktyabrında məhkəmədə Hacıyev ilə Alovlu arasında insident yaşanmışdı.
Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin onu vurmasını iddia etmişdi, Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi
Alovlu Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.
Amma onun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.
ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsindən narahat olduqlarını açıqlayıblar.
“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentin mətbuat katibinin müavini Vedant Patel bildirmişdi.
Azadlıq radiosu