Üç il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 11-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı məhkəmə prosesində generalların dindirilməsi tələb olunur. Söhbət Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevdən gedir. Bu barədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri dekabrın 7-də məhkəmədə vəsatət qaldırıblar.
“Cinayət işinin materiallarından görünür ki, müstəntiq İlkinin telefonunu tədqiq eləmək üçün Arzu Daşdəmirova verir. Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?”, – vəkil Zabil Qəhrəmanov vəsatətini belə əsaslandırıb.
Məsələ burasındadır ki, azyaşlının ölümündə təqsirləndirilən Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İddia olunur ki, onun telefonunda müxtəlif vaxtlarda Youtube şəbəkəsində cizgi filmlərinə baxış olub. İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara da baxılıb. O da aydın oldu ki, sözügedən fotolardan birinə baxışla Süleymanovun müstəntiqə şahid kimi birinci dəfə ifadə verdiyi tarix və saat eynidir. Söhbət 8 yanvar 2020-ci ildən gedir.
“Onun nə marağı vardı bu işdə?”
Süleymanovun vəkilləri də bildirir ki, o, 6 yanvar 2020-ci ildə saat 20:00 radələrində saxlanılıb və o vaxtdan telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq saxta sübutlar yaratmağa cəhd göstərilib. Vəkillərin sözlərinə görə, Süleymanov 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir.
Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı ilyarımdır ki, bu məhkəmə prosesində hallanır: “Kamal Qılıcov da gəlsin, izah eləsin görək ki, müstəntiqə və İlkin Süleymanova niyə təzyiq edirdi? Onun nə marağı vardı bu işdə? Çünki İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər”.
Vəkillər müstəntiqin isə cinayət işinin materiallarındakı çoxsaylı ziddiyyətlərə aydınlıq gətirməsini istəyiblər.
Azadlıq radiosu