Hüquqşünas Xalid Ağalı
Vəkillər Kollegiyasının yarımgizli konfransı. Bu gün Vəkillər Kollegiyasının (VK) üzvlərinin konfransı keçirilb. Tədbirdə VK-nın növbəti 5 il üçün rəhbər orqanları formalaşdırılıb və Anar Bağırov sədr seçilib.
Niyə vəkillərin hamısının qatıldığı ümumi yığıncaq yox, onların az bir hissəsinin iştirak etdiyi konfrans?
2004-cü ildə qəbul edilən yeni Vəkillər və vəkillik haqqında Qanunun 10-cu maddəsinə əsasən, VK-nın ali orqanı vəkillərin ümumi yığıncağı sayılırdı. 2010-cu ildə həmin normaya edilən dəyişikliyə əsasən, üzvlərinin sayı 500-dən çox olarsa, ümumi yığıncağın səlahiyyətləri VK üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər. Məzmunundan göründüyü kimi, norma imperativ deyil, yəni ümumi yığıncaq da keçirilə bilər, konfrans da. Amma 2010-cu ildən bəri VK-nın öncəki və yeni rəhbərliyi ümumi yığıncağa yox, konfransa üstünlük verir. Bu seçimin əsasında maliyyə problemləri dayandığını söyləmək olmaz: VK-nın yetərincə pulu var ki, hətta bu gün (əvvəllər daha az say olanda da konfransa üsütünlük verilib) 2000 vəkilin iştirakını təmin edə biləcək zal tutsun. Bəs niyə niyə hamının yox, qat-qat az sayda vəkillərin iştirakı ilə seçkili orqanların formalaşdırılması formatına üstünlük verilir? Səslənən əsas arqumentlərdən biri budur ki, VK-nın rəhbərliyi bu yolla arzuolunmayan vəkillərin yığıncağa qatılmasının və mümkün xoşagəlməz müzakirələrin və eksseslərin qarşısını alır.
Konfransa nümayəndələr necə seçilib?
Vəkillər və vəkillik haqqında Qanunun 10-cu maddəsinə əsasən, VK üzvlərinin konfransının çağırılma və keçirilmə qaydası qurumun Nizamnaməsi ilə müəyyən olunur. VK-nın saytında, digər tənzimləyici sənədlərdən fərqli olaraq, nə onun Nizamnaməsi yerləşdirilib, nə də konfransın çağırılma və keçirilmə qaydasını tənzimləyən hər hansı digər sənəd. Bu səbəbdən, bu gün keçirilən konfransda nə qədər vəkilin iştirak etdiyi, onların necə və hansı hüquqi sənəd əsasında seçildiyi qaranlıq qalır. Bu barədə də VK-nın rəsmi saytında hər hansı məlumat yoxdur və media vasitəsilə də hər hansı məlumat yayılmayıb.
Yeri gəlmişkən, konfransla bağlı məxvi saxlanılan təkcə bu məlumat deyil. VK-nın onun üzvlərinin həyatında önəmli hadisə olan və ictimaiyyətin də yetərincə maraq göstərdiyi bir tədbirin tarixi və onun gündəliyində hansı məsələlər olduğu da ictimaiyyətə açıqlanmayıb. VK-nın rəsmi saytında da bu barədə hər hansı məlumat yoxdur. Bu cür konfidensiallığın arxasında VK rəhbərliyinin nəsənsə ehtiyatlandığı ehtimalı dayanır.
Belə deyilsə, həmin məlumatların tezliklə açıqlanacağına ümid edək.
VK-nın rəhbər orqanlarına kimlər və necə seçilə bilər və kimlər seçilib?
Vəkillər və vəkillik haqqında Qanunun 11-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddət ərzində vəkil işləmiş, VK üzvləri arasında nüfuza malik olan (? – Hüquqkar) və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər (? – Hüquqkar) VK RH-nin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər. Qeyd olunan şəxslər VK üzvlərinin ümumi yığıncağında (konfransında) 5 il müddətinə seçilirlər. Normaya görə, heç kəs iki dəfədən artıq təkrarən VK RH-nin sədri seçilə bilməz.
Yayılan məlumatlardan belə bəlli olur ki, VK-nın RH-nin sədri, müavinləri, üzvləri, digər seçkili orqanlar açıq səsvermə yolu ilə seçiliblər. Mühüm postlara seçkilərin açıq yolla keçirilməsinin demokratik prinsiplərə nə qədər uyğun olduğu ayrıca söhbətin mövzusudur. Təkcə bir faktı vurğulayaq ki, Vəkillər Kollegiyamızın da uzun müddət can atdığı və nəhayət, bu il üzv ola bildiyi Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına (CCBE) üzv olan heç bir ölkənin vəkillərinin peşə birliyində seçkili orqanlar açıq səsvermə yolu ilə formalaşdırılmır.
Bu hünkü konfrans VK-nın seçkili orqanları aşağıdakı tərkibini dəstəkləyib:
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri:
Anar Bağırov
Rəyasət Heyətinin sədr müavinləri:
Aydın Axundov
Pərviz Ələkbərov
Şahmar Məmmədov
Rəyasət Heyətinin üzvləri:
Ramiz İbrahimov
İlhamə Həsənova
Dilarə Əfrasiyabova
Adil Kərimli
Sevinc Alızadə
Fariz Məmmədov
Lalə Nağıyeva
Muxtar Mustafayev
Elçin Usub
Azər Quliyev
Vüqar Babayev
Vəkillərin İntizam Komissiyasının üzvləri:
Cavid Alıyev (sədr)
Elxan Quliyev (sədr müavini)
İsmayıl Kəngərli
Elşən Səfərov
Ələsgər Hüseynli
Bəhrəmiyyə İlqar
Esmira Hüseynova
Əlirza Həbilov
Vasif Həsənov
Fazil Əhmədov
Abbas Kərimbəyli
Xəyal Bəşirov
Gülşən Salmanova
Paşa Səfərov
Elvin Səlimov
Elvin Əliyev
Ruslan Vəliyev
Rəyasət Heyətinin üzvləri arasında Ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovun da adı var.
Bu gün VK-nın üzvlərinin konfransı yox, ümumi yığıcağı keçirilsəydi və seçkilər açıq yox, gizli olsaydı, nə dəyişəcəkdi?
Çətin sualdır. Yəqin siyahılar elə həminki olcaqdı. Çünki hətta gizli keçirilmiş kimi görünən seçkilərin demokratik olmadığına o qədər nümunələr gətirmək olar ki.
Orada VK-dakı durumdan narazı olan tənqidçi vəkillərin iştirakının da çox böyük ehtimalla nəticələrə elə bir təsiri olmayacaqdı. Bəs nəsən çəkinirlər? Bəzən bir çıxış belə, ümumən nəticələrə təsir etməsə də, hadisəyə çevrilə, müzakirələrə səbəb ola, insanları düşündürə bilər. Ona görə, demokratik olmayan mühitdə tənqidi çıxışlar arzuolunan deyil.
İndiki halda VK-nın rəhbərliyində kimin olmasının çox da böyük önəmi yox. Bu qurum formaca dəyişən kimi görünsə də, mahiyyəti dəyişməyib. Səbəbi də çox sadədir: hakimiyyət onu başqa cür görmək istəmir. Vəkilliyin dəyişməsi ora rəhbərlik edənlərin şəxsi keyfiyyətləri ilə bağlı məsələ deyil, sistemlə bağlı məsələdir. Vəkilliyin müstəqil, demokratik olması, vəkillərin azad peşə sahibinə çevrilməsi ölkədəki dəyişikliklərdən asılıdır. Vəkillərin, hüquqşünasların bu prosesdə rolu az deyil. Başqa sözlə, vəkilliyin dəyişməsini (və peşələrinə daha çox dəyər verilməsini) istəyənlər həm də ölkədəki dəyişikliklər – azad media, seçkilər, ədalətli məhkəmələr, keyfiyyətli təhsil, monopoliyasız iqtisadiyyat, korrupsiyasız idarəçilik və s. uğrunda mübarizə aparmalıdırlar.
Hüquqkar