“(Rusiya Prezidenti Vladimir) Putinin əsgərləri mülki vətəndaşlara “Qrad” atırlar, yaşayış yerlərini, yetimxanaları, doğum evlərini ballistik və kruiz raketləri ilə vururlar. Ukrayna bizim evimizdir!”
Bu, 28 yaşlı odessalı Valeria Hlodanın sonuncu sosial media postudur.
Xəzərdən atılan raket
Aprelin 23-də Xəzər dənizindən atılan Rusiya raketi Valeriya və ailəsinin yaşadığı 16 mərtəbəli binaya düşüb. Binanın dördüncü və beşinci mərtəbələri dağılıb, binada yanğın başlayıb. İyirmi nəfər yaralanıb, səkkiz nəfərsə həyatını itirib. Dördüncü mərtəbədə yaşayan Valeriya, 3 aylıq qızı Kira və anası Lyudmyla Yavkina həlak olub. Bu, üç nəslə aid insan deməkdir.
Hücumdan az öncə Valeriyanın əri Yuri Hlodan dükana ərzaq almağa çıxmışdı. Tələsik evə dönən Yuriy xilasedicilərdən yanan evə buraxılmasını tələb edib. Burada o, ailə üzvlərinin cansız bədənlərini tapıb.
Xəzər dənizindən atılan raketlə bir ailənin üç nəslə aid üzvlərinin həyatına son qoyulması faktı Ukrayna Prezidenti Volodımır Zelenskinin videomesajı vasitəsilə dünyaya çatdırıldı.
Bu, Ukraynada döyüş zonasından kənarda ilk ölüm hadisələrindən biri idi. O zaman döyüşlər əsasən Xerson, Zaporojye və Nikolayev bölgələrində, yəni Odessadan yüzlərlə kilometr şərqdə gedirdi. Ancaq Rusiya döyüş zonasından uzaqda yerləşən mülki obyektləri vurmağa davam edirdi.
Hücumlar davam edir
Mayın 3-də Tu-95 strateji bombardmançıları Xəzər dənizindən Lvov, Dnepropetrovsk, Kropivnitski, Vinnitsya, Kiyev və Zakarpatya bölgələrinə yüksək dəqiqlikli raketlər buraxdı. Ölkənin qərb və mərkəz hissələrində dəmir yollarında partlayışlar baş verdi; qatarların hərəkəti dayandı. Bir çox bölgələrdə enerji generatorları sıradan çıxdı və əhali elektriksiz qaldı.
İyunun 26-da Rusiya yenə Xəzər dənizindən Kiyev istiqamətinə altı yüksək dəqiqlikli X-101 raketi buraxdı. Ukrayna hava müdafiə sistemi bir neçə raketi vurub yerə salsa da, onlardan biri Kiyevdə bir yaşayış binasını vuraraq bir nəfərin həyatına son qoydu, beş nəfəri isə yaraladı.
Rusiya iyul, avqust və sentyabrda da Xəzər dənizindən raket atmağa davam edib, Ukraynanın cənub və şərq hissələrində bəzi yerlərdən çəkildikcə raket zərbələri də çoxalıb.
Xəzər dənizindəki raketdaşıyan təyyarələrdən, Qara dəniz və Rostov bölgəsindəki gəmilərdən atılan raketlər Ukrayna ərazisində enerji və su infrastrukturunu iflic edib.
Xəzər dövlətlərinin sükutu
Dörd il öncə, 22 illik danışıqlardan sonra beş xəzəryanı ölkənin liderləri dənizin qanuni statusunu müəyyən edən konvensiya imzaladılar. Konvensiya tərəflərin Xəzər dənizindən, o cümlədən onun suyu, dibi, təki, təbii sərvətləri və üzərindəki hava sahəsindən istifadə ilə bağlı hüquq və vəzifələrini tənzimləyir.
Bu sənədlə tərəflər Xəzər dənizindən yalnız dinc məqsədlərlə istifadə etməyə razılaşıblar.
“Biz Xəzər dənizini dostluq dənizinə çevirməyə nail olduq”, – Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev Xəzər dövlət başçılarının dörd il öncə Aktauda keçirilən sammitində demişdi.
Sammitdə digər dövlət başçıları da yeni imzalanan konvensiyanı tərifləmişdilər.
Ozamankı İran prezidenti Həsən Ruhani demişdi ki, təkcə konvensiyanın qəbulu deyil, onun düzgün icrası da vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev konvensiyanı “tarixi sənəd”, Xəzər dənizini isə “sabitlik və təhlükəsizlik zonası” adlandırmışdı.
Azadlıq radiosu