Kənd Təsərrüfatı Nazirliyinin Qarabağdakı torpaq bazarı

İqtisadçı ekspert Qalib Toğrul yazır:

Azərbaycan Prezidenti 27 aprel 2021-ci il tarixli Fərmanla işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsini, icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə, habelə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə nəzarətin həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyinə (KTN) həvalə etmişdi. Bundan əlavə, torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti (NK) qarşısında məsələ qaldırılması da KTN-ə tapşırılmışdı.
Prezident elə həmin Fərmanla NK-ya göstəriş vermişdi ki, işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
Nəhayət ki, NK noyabrın 24-də qeyd olunan qaydanı təsdiq edib. İlk baxışdan belə təəssürat yaranır ki, qeyd olunan tarixədək KTN Qarabağda torpaqları icarəyə verərkən torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə (uqodiyasına) aid edilməsi barədə təkbaşına qərar verirdisə, artıq bu məsələlərlə bağlı əsas fiqur NK-dır. Ancaq hər şey göründüyü kimi deyil. Vəsatətə əlavə olunan sənədlərin içərisində Arayış-əsaslandırma, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib olunmuş yerquruluşu planı, maraqlı dövlət qurumlarının rəyi ilə yanaşı, təyinatın dəyişdirilməsi ilə ilə bağlı NK-nın sərəncamının layihəsi də var. Yəni, bu prosesdə NK-nin işi hazır sərəncam layihəsini imzalamaq olacaq, yenə də təyinatın dəyişdirilməsi ilə bağlı əsas səlahiyyət qeyri-rəsmi KTN də qalacaq.
Üstəlik, NK-nın qərarından sonra Əmlak Məsələləri Dövlət Xidməti də üzərinə düşəni təcili yerinə yetirəcək, qərardan sonra 3 iş günü müddətində dövlət torpaq kadastrının və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarında zəruri dəyişikliklər edərək KTN-ə bu barədə 2 iş günü müddətində rəsmi qaydada məlumat verəcək.
Qeyd olunan qayda ilə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi səlahiyyəti rəsmi şəkildə KTN-ə verilib. KTN bu məsələdə əvvəlki kimi – torpaq icarəçisinin müraciəti əsasında özü (NK-sız) qərar (razılıq) verəcək. Demək ki, NK-nın səlahiyyətləri bir yerə qədərdir. Daha dəqiq desək, digər təyinatlı torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına dəyişdirilməsi formal da olsa, NK-nın işidir (razılıq qərarı olmalıdır), gerisi (kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilindəki yerdəyişmələr), türklər demişkən, KTN-dən sorulur.
Burada narahatlıq doğuran BİRİNCİ məsələ KTN-ə işğaldan azad olunmuş torpaqların təyinatı üzərində “oynamaq” üçün geniş səlahiyyətlərin verilməsidir. Fəaliyyətində şəffaflığı və hesabatlığı çoxdan unutmuş, elə Qarabağ ərazisi kimi qapalı bir dairəyə bənzəyən KTN Qarabağda icarəyə verdiyi torpaqlarla bağlı heç bir informasiyanı açıqlamır, informasiya sorğularına cavab vermir. “Qarabağda ötən 2020, 2021 və 2022-ci illərdə neçə ha torpaq icarəyə verilib, şirkətlər hansı meyarlar əsasında seçilib, torpaqları hansı şirkətlər əkib, onlara dövlət büdcəsindən nə qədər subsidiya ödənilib” kimi məsələlər KTN-nin cavablandırmaqdan nümayişkəranə şəkildə imtina etdiyi suallardır.
Narahatlıq doğuran İKİNCİ məsələ bu sahədə ikili qanunvericilik normalarının yaradılmasıdır. Qarabağın işğaldan azad olunmuş ərazilərində torpaqların idarə olunması, təyinatının dəyişdirilməsi, icarəyə verilməsi və nəzarət funksiyaları əsasən KTN-nin əlində cəmləşdiirlib. Azərbaycanın digər ərazilərində isə bu proses başqa cür tənzimlənir. Sözü uzatmaq istəmirəm, ehtiyac yaranarsa, bu barədə geniş informasiya təqdim edə bilərəm. Bircə fakt deyim, Qarabağ istisna olmaqla, Azərbaycanda dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi prosedurları Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” qanunla tənzimlənir, Qarabağda Prezident Fərmanı və NK qərarı ilə. Bu da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə ziddir.
Bu məsələdə şəffaflığın niyə önəmli olduğunu təkid etməyimin səbəbləri var. Dərinə getməyəcəm, 1-2 vacib statistika yazacam. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi sahəsi 1 359 977.4 hektardır. Qarabağ iqtisadi rayonunun kənd təsərrüfatı təyinatlı torpaqları 474 080.39 hektar, Şərqi Zəngəzur iqtisadi rayonunun kənd təsərrüfatı təyinatlı torpaqları isə 516 642.97 hektardır. Göründüyü kimi, söhbət milyon hektarlıq yararlı torpaq sahəsindən gedir. Hələ bunun, meşə fondu, ehtiyat fondu, nələri-nələri var.
“Bazarkomu” Kənd Təsərrüfatı Nazirliyi olan bu bazar çöx böyük bazardır, deyilmi?

Yazı “Şəfaf Qarabağ ” Facebook səhifəsindən götürülüb