Gültəkin Hacıbəyli buraxılıb, amma icraat təzələnib

Müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkinin Hacıbəyli sərbəst buraxılıb. Bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib.

G.Hacıbəylinin sözlərinə görə, ona bu gün, noyabrın 30-da, səhər saat 4 radələrində Azərbaycana qayıdarkən pasport nəzarəti zamanı axtarışda olduğu bildirilib: “Səhər saat 9:30-a qədər əvvəl Hava Nəqliyyatında Polis İdarəsində, daha sonra Nəsimi Rayon Polis İdarəsində saxlanmışam, sonra isə Nəsimi Rayon Məhkəməsinə aparılmışam”.

G.Hacıyeva qeyd edib ki, barəsində oktyabrın 27-də cinayət işi qaldırılıb, lakin bunun haqqında ona heç bir məlumat verilməyib: “Sentyabrın əvvəlindən Bakıda yox idim. Mən ölkədə olmaya-olmaya mənə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi açıblar və telefonlarım açıq olsa da, nə zənglə, nə SMS vasitəsilə bu barədə mənə xəbər veriblər. Sonra isə barəmdə axtarış elan ediblər və hətta vəkil təyin ediblər, amma bu vəkil də mənə xəbər verməyib”.

İcraat təzələnib

Onun sözlərinə görə, cinayət işi üçün əsas Facebook sosial şəbəkəsində bir nəfərin yazdığı statusa yazdığı şərh olub: “Bir şəxs davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazır … Həmin şəxs də heç kəsin tanımadığı Facebook istifadəçisidir və bir neçə gün sonra həmin paylaşımını silib. Facebook-da mövcud olmayan statusa və şərhə görə mənim saxlanmağımla bağlı məhkəmə qərar verib”.​

G.Hacıbəyli status və onun müəllifi haqqında əlavə açıqlama verməyib.

G.Hacıbəyli əlavə edib ki, barəsində axtarış və saxlanma ilə bağlı məhkəmə qərarı ləğv edilib. Lakin məhkəmə icraatı təzələnib və dekabrın 8-də məhkəmə prosesi keçiriləcək.

Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana Gültəkin Hacıyevanın polisdə olduğunu təsdiq edib. Onun sözlərinə görə, G.Hacıyeva araşdırma aparılması üçün aidiyyəti üzrə polis idarəsinə dəvət olunub

*   *   *

Polis Gültəkin Hacıyevanı saxlayıb. O, böhtan atmaqda ittiham olunur

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurasının üzvü Gültəkin Hacıyeva bu gün səhər saat 03.30 radələrində Brüsseldən qayıdarkən Bakı hava limanında polis tərəfindən saxlanılıb.

DQMŞ Koordinasiya Şurasının üzvü Vahid Məhərrəmov Turan-a bildirib ki, Hacıyev hava limanında iki saatdan çox saxlanılıb. Ona məlumat verilib ki, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma –  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır).

Hacıyeva Bakının Nəsimi rayon Polis İdarəsinə aparılıb. Hacıyevaya qarşı iddianın kimin tərəfindən qaldırıldığı hələ məlum deyil.

Contact.az