AXCP sədri Əli Kərimli
Hakim cinayətkar dəstə daha çox oğurladıqca, qiymətlər də daha çox qalxır, daha çox insan yoxsullaşır.
Dəhşətli bahalaşma ölkə vətəndaşlarını taqətdən salıb. Nəinki daimi işi olmayan 3 milyon nəfərdən artıq əmək qabiliyyətli əhali yoxsulluqla sınağa çəkilib, hətta işləyənlərin də 80-90 faizi bu ayın maaşını o biri aya çatdıra bilmir.
İlham Əliyevin monopoliya və korrupsiyaya söykənən iqtisadi siyasəti də iflasa uğrayıb. Azərbaycan əksər inkişaf göstəricilərinə görə hətta kasıb qonşularımız Gürcüstan və Ermənistandan da ciddi şəkildə geri qalır.
Üstəlik, xalqımız bu bahalaşmanın, iqtisadi tənəzzül və yoxsulluğun ölkədəki korrupsiya və monopoliya ilə birbaşa bağlı olduğunu da dəqiq bilir. Korrupsionerlər büdcə pullarını oğurladığı üçün xalqa pul çatmır. Monopolistlər hər şeyi baha satıb, daha çox varlansın deyə qiymətlər durmadan artırılır.
Əliyevin Qarabağ siyasəti də, xarici siyasəti də iflas edib. İlham Əliyevin öz imzası ilə Qarabağa dəvət etdiyi Rusiya ordusu indi erməni separatçı silahlılarını müdafiə edir, onları silahlandırır. Rusiya münaqişənin bitməsinə imkan vermir. Əliyevin “Ermənistan kapitulyasiyanı qəbul etdi, Qarabağ münaqişəsi bitdi” bəyanatları təəssüf ki, yalan çıxdı. Ölkədəki kütləvi haqsızlıq və ədalətsizlik də xalqın narazılığını daha da artırır. İlham Əliyev problemlərdən çıxış yolu tapa bilmir.
Yaxınlaşan xalq etirazlarını, xalqımızın demokratik dəyişiklik tələbini önləmək üçün rejim çarəni ölkədəki siyasi alternativi məhv etməkdə görüb.
Rejim məhz AXCP-ni, real müxalifəti hüquq müstəvisindən çıxarmaq, partiyamızın qeydiyyatını ləğv etmək, yeni real müxalifət partiyalarının yaranmasına imkan verməmək üçün “Siyasi partiyalar haqqında” yeni, mürtəce qanun qəbul etməyə hazırlaşır. Bu mürtəce qanun layihəsini bu gün tələm – tələsik Milli Məclisdə 1-ci oxunuşda qəbul ediblər.
Xalqımız rejimin siyasi müstəvini tamamilə qapatmaq, alternativ siyasi qüvvəni məhv etmək cəhdlərinə biganə qalmamalıdır.
AXCP olaraq bizim mübarizəmiz partiya qeydiyyatı uğrunda deyil və olmayacaq. Biz bütövlükdə xalqımızı bu oğru hakimiyyətdən xilas etmək üçün çalışırıq. Xalqımızı bu çətin və şərəfli mübarizədə bizimlə olmağa, rejimin inadına AXCP- yə sahib çıxmağa, AXCP-yə üzvlük üçün elektron anketi doldurub sıralarımıza qoşulmağa, gücümüzə güc qatmağa çağırıram (elektron anketə keçid rəydə).
Bütün dünya dəyişir. Biz də öz kütləvi, cəsarətli, dinc mübarizəmizlə ölkəmizi dəyişməliyik. 100-dən artıq xalq öz ölkəsində demokratiya, xalq hakimiyyəti qurmağı bacarıbsa, biz də bacaracağıq.