Üç ilə yaxın davam edən sərt COVID tədbirlərindən sonra Çin lideri Si Cinpinq böyük sınaqla üz-üzədir. On minlərlə insan hökumətin qeyd-şərtsiz nəzarət və söz azadlığına təzyiq siyasətinə etiraz üçün küçələrə çıxıb.
Noyabrın 25-də başlayan nümayişlər Çinin azı 16 bölgəsinə, o cümlədən paytaxt Pekin və maliyyə mərkəzi Şanxaya yayılıb.
Şüarlar
İnsanlar Kommunist Partiyasının qadağalarla dolu “sıfır COVID” siyasətinə etiraz edirlər. Bu siyasət nəticəsində milyonlarla insan evlərində və ya karantin mərkəzlərində dustaq qalıb, yaxud da səyahət etmək hüquqları əllərindən alınıb. İnsanlar bitməz-tükənməz test, lokdaun və nəzarət girdabında ilişib qalıblar.
Ancaq bu vətəndaş itaətsizliyi dalğası eyni zamanda ölkə rəhbərliyinin illərlə davam edən sosial-iqtisadi siyasətindən məyusluğunu da əks etdirir. Dünyanın qalan hissəsinin pandemiya qadağalarından çıxdığı zamanda vətəndaşlar dövlətin siyasətini getdikcə daha çətin anlayırlar.
Yayılan videolarda Şanxayda etirazçıların “Si Cinpinq! Vəzifədən get! CCP (Çin Kommunist Partiyası)! Get!” dediyi eşidilir. Bəzi başqa videolarda etirazçılar daha çox demokratik azadlıqlar və ifadə azadlığı tələb edirlər.
“Bu, Kommunist Partiyası üçün dönüş nöqtəsidir”, – “Natixis” investisiya bankının Asiya-Sakit okean hövzəsi üzrə baş iqtisadçısı Alisia Qarsia-Herrero AzadlıqRadiosuna deyib.
Əyilmə nöqtəsi
İnsanların bu açıq çağırışı Çin üçün ciddi əyilmə nöqtəsidir.
Bu təkcə xalqın ölkəni idarə edənlərə qarşı artan qəzəbini göstərmir, həm də COVID hallarının artdığı və daha yoluxucu variantların mövcud olduğu dövrdə baş verir. Bəs görəsən, Si buna necə cavab verəcək?
COVID qadağalarının doğurduğu qəzəb artıq aylardır ki, artmaqdadır. Ancaq Sintszyan regionunun paytaxtı Urumçidə çoxmərtəbəli binada yanğında 3-ü uşaq olmaqla 10 nəfərin həyatını itirməsi insanların səbr kasasını daşırıb.
Sakinlər yanğınsöndürənlərin binaya yaxınlaşa bilməməsininə görə lokdaun tədbirlərini günahlandırırlar.
Azadlıq radiosu