Noyabrın 23-də yazıçı-publisist Rafiq Tağının anım günü idi. Onun qətlə yetirilərək öldürülməsindən 11 il ötdü.
Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında hücüma məruz qalaraq sui-qəsdə uğrayıb. Qatil ona kürəyindən çoxsaylı bıçaq zərbələri endirib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan R.Tağı vəziyyəti yaxşılaşdıqdan bir neçə gün sonra – 23 noyabr 2011-ci ildə qəfildən və müəmmalı şəkildə dünyasını dəyişib. Yeri gəlmişkən, 23 noyabr dünyada jurnalistlərin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günüdür. Və Rafiq Tağının məhz bu gündə dünyasını dəyişməsi şübhələri bir qədər də artırır.
Qətl hadisəsinin üstündən 11 il keçməsinə baxmayaraq, bu günə qədər nəinki bu qətli törətmiş qatil və ya qatillər tapılmayıb.
Hüquqşünas Rəşid Hacılı bu barədə suallarımızı cavablayıb.
* * *
Rəşid bəy, bu cinayətin üstü niyə açılmadı?
Birinci son günlərin olayından başlayım. Gürcüstanda ölkənin güvənlik orqanları hazırlanan cinayətin üstünü açıb qarşısını aldılar. İrandan gələn sifarişlə İsrail-Gürcüstan münasibətlərində önəmli rol oynayan bir iş adamının qətlinin planlandığını aşkar etdilər. Hazırlanan qətlin üstünün açılmasının səbəbi sifarişin icrasının gecikməsi idi. Qətli icra etməli olan Pakistan vətəndaşlığı olan şəxs hədəfini bıçaqla öldürməkdən çəkinib, bacara bilməyəcəyini deyib, tapança istəyib. Tapançanın əldə edilib ona çatdırılması zamanı işin üstü açılıb. Göründüyü kimi belə işlərin professional olmayanlara tapşırılması və bıçaqla törədilməsi üsulu istifadə olunub. Peşəkarlar və odlu silah bahadır, üstəlik buraxdığı izlər çox olur. Yozmaq üçün çox imkanlar buraxır.
Rafiq Tağı işində də qatilin peşəkar olmadığı, tələsdiyi, qorxduğu, bıçaqdan yaxşı istifadə edə bilmədiyi görünür. Bu hallar qətlin xüsusi xidmət orqanlarının işi olmadığını deməyə, olayı fərqli yerlərə yozmağa imkan verir. Burada qatil elə adamdır ki, adi dindardır, məsələn, inandırıblar ki, savab qazanırsan, fətva da var, Allaha da xoş gedər. Elə bir şəxsdir ki, heç vaxt bir cinayət törətməyib, bundan sonra da heç vaxt törətməyəcək. Ölkədən də çıxıb gedəcək bəlkə.
Üstəlik, ölkədə dövlət qurumlarında, hətta xüsusi xidmət orqanlarında çalışan və İran xüsusi xidmət orqanları ilə bağlı olan şəxslər ola bilməzdimi? MTN-i götürək. O zaman hələ ləğv olunmamışdı, ortaya çıxmış cinayətləri məhz o vaxtlar törədirdilər. İzləmələr, əməliyyatlar, agentlər məhz həmin açılmış və açılmamış cinayətləri törətməyə cəlb olunmuşdu. Onlardan hansı səmərəlilik gözləmək olardı.
Prokurorluq da onun kimi. Düzdür, o zamankı baş prokuror Zakir Qaralov özü nəzarət edirdi istintaqın gedişinə. Ölkə prezidenti də işi öz nəzarətində saxladığını elan etmişdi. Amma ən azı istintaqın gedişiylə bağlı əlimizdə olan faktlar onu deməyə əsas verir ki, bütün bunlara baxmayaraq istintaqda hər hansı gözəçarpan cəhd, entuziazm, canfəşanlıq yox idi. Əksinə astagəllik, candərdilik, bəzən səriştəsizlik, bəzən hədsiz dərəcədə biganəlik var idi. Buna görə təkcə işi aparan müstəntiq yox, eyni dərəcədə işə şəxsən nəzarət etdiyini deyən Zakir Qaralov da məsuliyyət daşıyırdı.
Cinayətin üstünün açılmamasına görə demək olarmı ki, hakimiyyət bu işin açılmasında maraqlı olmayıb?
Siyasi hakimiyyətin bu işin açılmasında maraqlı olmadığını demək üçün tutarlı əsaslar yoxdur. Hakimiyyət yalnız İranla bağlı səbəblərdən bunu sonadək açmaq istəməyə bilərdi. Amma məsələni İrana bağlamadan da açmaq və ya bəlli həddədək açmaq da olardı. Hər halda məsələnin açılmaması məhz hakimiyyəti pis duruma qoyub. O üzdən də bu gün bütün suallar və bəzi şübhələr ona ünvanlanır. Hətta bu cinayətin məhz ləğv edilmiş MTN funksionerləri tərəfindən ölkədə xaos və gərginlik yaratmaq məqsədilə törədidildiyini deyən şayiələr də var. Yəni, göründüyü kimi, hökumət bu cinayəti açmamaqla qatillər və sifarişçilərlə bunun yükünü bölüşmüş durumdadır.
Publisitin qətlində ən çox şübhə yaradan tərəf İran idi. Amma İranla münasibətlərin gərginləşdiyi bir dövrdə, hər iki tərəfin öz ölkəsində “cəsus ovu”na çıxdığı bir dövrdə də nədənsə bu məsələ yada düşmür. Sizcə niyə?
İranla münasibətlər fonunda bu cinayətin istintaqının yenidən başlanması barədə bəlkə də düşünənlər var. Hansısa yeni üzə çıxmış hallar əsasında işin yenidən açılması mümkündür. Üstəlik, Avropa Məhkəməsinin bu işlə bağlı yenicə qüvvəyə minmiş qərarının icrası da bunu tələb edir. Həmin qərarda Avropa Məhkəməsi Rafiq Tağının öldürülməsi işi ilə bağlı istintaqın effektiv aparılmadığı qərarına gəlib. İstintaq 11 il əvvəl başlayıb. 2011-ci ilin noyabrında. 2 il sonra qatilin müəyyən edilə bilməməsi əsaslandırması ilə dayandırılıb. Bütün bu illər ərzində Rafiq Tağının ailəsinin və vəkilin saysız tələblərinə baxmayaraq toplanmış materialları onlara vermirlər. Bu ciddi pozuntudur. Bu iş materiallarını qarşı tərəfdən, zərərçəkəndən gizlətməkdir. Səbəbini də izah edə bilmirlər.
Rafiq Tağının qatillərinin tapılması üçün nə etmək lazımdır?
Məhz iş materialları ilə tanışlıq prokurorluğun bu işlə bağlı “məharətini” tam çılpaqlığı ilə ortaya qoya bilər. Hadisə yerinə nədən gec baxış keçirməsi, hadisə baş verən yerdəki çoxsaylı müşahidə kameralarını nədən gec əldə etməsi, hansı tarixlər üzrə videoyazıları əldə etməsi və necə tədqiq etməsi kimi suallara da aydınlıq gətirə bilər. Eləcə də MTN-in Antiterror idarəsi ilə hansı mübadilələr olub, olmayıbsa niyə?
İş materiallarının açılması hətta belə yüksək profilli işlərdə belə prokurorluğun, antiterror fəaliyyətinə məsul qurumların, əməliyyatçıların işlərinin keyfiyyətini ortaya qoya bilər. Və bu çox vacibdir. Rafiq Tağının qatili və sifarişçilərini onlar tapmalıdırlar. Tapa bilərlərmi?
Peşəkar olsalar, bilikli, ürəyiyanan, dövlətə hörmət bəsləsələr tapacaqlarına şübhə etmirəm.
Astna.biz