İran əvvəllər heç vaxt Azərbaycanın ünvanına bu qədər nifrət və təhdid xarakterli bəyanatlarla çıxış etməmişdi. Bu barədə dövlət başçısı İlham Əliyev Bakıda regional kommunikasiyalara həsr olunmuş beynəlxalq forumun iştirakçılarının suallarını cavablandırarkən bildirib.
“Biz üç İran prezidenti – Xatemi, Əhmədinejad və Ruhani ilə işləmişik və bütün bu illər ərzində bugünkinə bənzər vəziyyət olmayıb.
İran heç vaxt bizim sərhədlərimizdə bir neçə ay ərzində iki hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycana qarşı bu qədər nifrət və təhdid xarakterli bəyanatlar olmayıb”, deyə Əliyev qeyd edib.
Bununla belə, o qeyd edib ki, Bakı Azərbaycan əleyhinə bu bəyanatları cavabsız qoymayacaq.
“Biz həmişə Azərbaycan əleyhinə bəyanatlara və addımlara cavab vermişik və verəcəyik. Buna görə biz də İranla sərhəddə təlim keçirdik, onlardan qorxmadığımızı nümayiş etdirdik.
Biz özümüzün, habelə İranda yaşayan azərbaycanlıların dünyəvi həyat tərzini və inkişaf yolunu qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir hissəsidir”, deyə Əliyev bildirib.
Contact.az