Qarabağdakı separatçı rejimin yeni təyin olunmuş “dövlət naziri” Ruben Vardanyan özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü deyir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 17-də səsləndirdiyi bəyanata cavab verib, Əliyevin “Artsaxla (Qarabağ) birbaşa dialoqa başlamaq istəyini” alqışladığını bildirib. Vardanyan elə həmin gün Facebook səhifəsində yazıb: “Artsax (Qarabağ) bu prosesdə subyekt olmalıdır”.
Prezident Əliyev deyir ki…
Prezident Əliyev dünən – noyabrın 17-də Ermənistandan gələn bəyanatları “çox ziddiyyətli” adlandırıb, Yerevanın həm Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını, həm də Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istədiyini deyib. Prezident bunu qeyri-mümkün sayaraq, eyni zamandaQarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğunu deyib.
“Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq… Yeri gəlmişkən, bu proses başlayıb”, – Əliyev söyləyib.
“Aydın gündəlik” və Fransa məsələsi
Vardanyan isə daha konstruktiv tona keçməyi təklif edir, Əliyevin dediyi “aydın gündəlik” məsələsinə izahat istədiyini deyir:
“Mən bir neçə dəfə qeyd etmişəm ki, Artsaxda Artsax xalqının maraqlarından başqa kiminsə maraqlarını təmsil etməyimlə bağlı ittihamlardan qaçmaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. Düşünürəm ki, cənab Əliyevin danışıqlarda elçi – ‘Qarabağda yaşayır və orada yaşamaq istəyir’ kriteriyasına tam uyğun gəlirəm”.
Vardanyan qeyd edir ki, iki ölkə lideri tam məsuliyyət götürərək danışıqlar masasına keçməli və qan axıdılmasını dayandırmalıdırlar. O həmçinin Fransanın da Rusiya və ABŞ-la birlikdə beynəlxalq vasitəçilər sırasında olmasını vacib sayır.
Fransa Senatı noyabrın 15-də hökuməti “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakıya sanksiyalar qoymağa çağıran qətnamə qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu qətnaməni həqiqətdən uzaq və təxribat xarakterli adlandırıb. Milli Məclis noyabrın 16-da qəbul etdiyi bəyanatda Fransa rəsmilərinə sanksiya təklifi irəli sürüb.
Azadlıq radiosu