Milli Şuranın sədri, professor Cəmil Həsənli
Mustafa Kemal Paşa haqqında çox kitablar yazılıb. Ölkə xaricində yazılan kitablardan ən mükkəmməli Dr. Andrew Mango-nun monoqrafiyasıdır: Atatürk: The Biography of the Founder of Modern Turkey. O uzun illər bu kitab üzərində işləyib. 1881-ci ildə Salonikidə doğulan balaca Mustafadan böyük Atatürkə qədər hər şeyi əhatə edib. Dr. Mango İstanbulda doğulub, mənim hal-hazırda çalışdığın London Universitetini bitirib. Uzun müddət BBC-nin türk redaksiyasına rəhbərlik edib. Görünür onun Atatürk haqqında kitabını oxunaqlı, cazibədar edən həm də onun jurnalist fəaliyyəti, Türkiyəni yaxşı tanıması, türkcəni yaxşı bilməsi ilə bağlı idi. Mən onunla bir neçə dəfə görüşmüşdüm. Biz birlikdə Türk Tarix Kurumunun şərəf üzvü olmuşduq. Onun “Atatürk” əsəri 5 hissədən, 29 bölmədə və 666 səhifədən ibarətdir.
Niyə yazdım bunu? Bu gün Mustafa Kemal Atatürkün vəfat etdiyi gündür. Amma Atatürk kimi böyük liderlər ölmürlər, ölümsüz olurlar. Qurtuluş savaşındakı tarixi qələbədən sonra çoxları belə güman edirdi Mustafa Kemal Paşa yeni Sultan olacaq. Olmadı. “Hakimiyyət qeydsiz-şərtsiz millətə məxsusdur!” – dedi. Çağdaş bir Cümhuriyyət qurdu. Gələn il onun qurduğu Cümhuriyyətin 100 yaşı tamam olur.
Rus-Sovet arxivlərində Mustafa Kemal Paşa ilə bağlı çoxlu sənədlər var. Rus bolşevikləri onu kommunist lider kimi görmək istəyirdilər. Amma o milli lider oldu. Moskva onun bütün addımların izləyirdi. Hətta, Qərblə sıx əməkdaşlığa gedərdisə, Şərqi Anadoluda ikinci Türk dövləti yaratmaq planları vardı.
30-cu illərdə Sovet-Türk münasibətləri sərinləşəndə Kamal Paşa Moskvanın Türkiyəyə yuxarıdan aşağı baxmasına yol vermədi. Maraqlı bir sənəd var 1936-cı ilin oktyabrına aid. Onu mən Rusiya arxivlərində işləyərkən görmüşdüm. Bu sənəd Stalini çox əsəbləşdirmişdi. 1937-ci ilin yanvar ayının 7-də Sovetlərin Türkiyədə ticarət müvəkkili Andrey Rozenqolts tərəfindən “tamamilə məxfi” qrif ilə İosif Stalinə və Vyaçeslav Molotova göndərilmişdi. Orada qeyd edilirdi ki, “Osaviaxim” nümayəndələrinin gəlişi şərəfinə 29 oktyabr 1936-cı ildə Sovet səfirliyində düzənlənmiş qəbulda Kamal Atatürklə Lev Karaxan arasında diqqəti çəkən söhbətin mətnini Sizə göndərirəm. Maraqlıdır ki, Levon Karaxanın bu görüş haqqında Moskvaya göndərdiyi hesabatda aşağıda qeyd edilən məqam yox idi.
Söhbətin mətni ilə tanış olduqdan sonra Stalin məktubun üzərinə belə bir dərkənar qoymuşdu: “Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim “dostumuz” Atatürkün “nitqinin” mətni ilə tanış olmaq maraqlı olardı. Dərkənarda hər iki söz Stalin tərəfindən dırnağa alınmışdı. Andrey Rozenqoltsun göndərdiyi gizli məlumatda söhbət nədən gedirdi? Üstündən 2 aydan da artıq bir vaxt keçəndən sonra bu söhbətin məzmunu nə üçün Stalinə göndərilmişdi? Orada deyilirdi:
“29 oktyabr 1936-cı ildə Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Atatürk, onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində olan qəbula xeyli gec gəlmişdi. Gizli məlumatda qeyd olunurdu ki, Kamal paşa Karaxanla görüşdükdən sonra onunla birlikdə bufetə keçdilər və onlar arasında söhbət başlandı. Kamal paşa SSRİ-yə olan dostluğundan və rəğbətindən söz açdı və həmin dəqiqə bəyan etdi ki, Türkiyə müstəqilliyinin ildönümü münasibəti ilə ona təbrik göndərilməməsindən çox incikdir. Karaxan ona cavab verdi ki, bu, doğru deyil. Həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Kalinin göndərib. Kamal paşa acıqlı halda bildirdi ki, bu mənə məlumdur, mən onu almışam və cavab da vermişəm, lakin mən vasitəçinin araçılığı ilə iş görməyi arzulamıram. Mən nəinki Türkiyə Respublikasının prezidentiyəm, eyni zamanda türk xalqının rəhbəriyəm. O, Karaxandan soruşdu: “Sizdə rəhbər kimdir”. Karaxan cavab verdi ki, bizim rəhbərimiz yoldaş Stalindir. Kamal paşa soruşdu: onda nə üçün o mənə təbrik teleqramı göndərməyib, ondan başqa hamı göndərib. Bununla o göstərmək istəyir ki, məni tanımaq istəmir. Karaxan cavab verdi ki, bu həqiqətə uyğun deyil, bizdə qəbul olunmayıb ki, yoldaş Stalin təbrik teleqramı göndərsin. O, əlavə etdi ki, oktyabrın 28-də müstəqillik günü münasibəti ilə Kamal paşanı təbrik etdikdə, Stalinin şəxsi salamlarını da ona çatdırıb. Kamal paşa qeyd etdi ki, o, Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o, yaşayır, bu dostluq mövcud olacaqdır, lakin o, dostluğa yalnız bərabər hüquqluların dostluğu kimi riayət edə bilər. Atatürk hesab edirdi ki, Stalin ona təbrik teleqramı göndərməli idi, vasitəçi yolu ilə danışıqlar işə yalnız ziyan gətirir. Karaxan ona cavab verdi ki, müəyyən mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən zaman bəzən bir-birini başa düşmür, Aras Litvinovla söhbətləşəndə bundan daha yaxşı bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə görüşsə, onlar bir neçə dəqiqənin içində istisnasız olaraq bütün məsələlərdə razılığa gələ bilərlər. Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edildi və bu görüşün vacibliyi göstərildi. Atatürk söhbət zamanı yenidən bildirdi ki, o, yalnız bərabər hüquqlu münasibətlərin tərəfdarıdır, ayrı formada qarşılıqlı əlaqələrə razı deyildir. “‘Mən bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var, lakin mən ondan qorxmuram, o, dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də dedi. Mənim arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən əmr edim, mən hara aparsam, onlar mənim arxamca gələcəkdir. Mən istəsəm münasibətlərə böyük ziyan vura bilərəm, mən bunu əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim sözüm də dostluğum kimi müqəddəs və sarsılmazdır”.