“Konstitusiyamızın işləmə mexanizmində problemlər var”

Bu həftə Azərbaycanda bir neçə bayram qeyd olunur. Noyabrın 8-də Azərbaycanda Zəfər, 9-da Dövlət Bayrağı, 12-də isə Konstitusiya günləridir.

Bu həftə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sərbəst toplaşmaq azadlığı ilə bağlı keçirmək istədiyi aksiyanı isə şəhər rəhbərliyi məqsədəuyğun saymadı. Buna səbəb kimi piket keçirmək üçün qeyd olunan ərazinin metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxınlığı göstərildi. Azərbaycan rəsmiləri hesab edirlər ki, hər hansı vətəndaşın sərbəst toplaşmaq istəyi başqa bir vətəndaşın hərəkət və təhlükəsizliyinə maneə yaratmamalıdır.

Şəhər rəhbərliyinin də belə cavabı müxalif düşərgədə narazılıqla qarşılanır. Onlar isə hesab edirlər ki, zəfər qazanan müstəqil ölkədə vətəndaşın da siyasi hüquqları tanınmalıdır.

“Qalib xalqın prezident seçmək hüququ olar…”

Elə AXCP sədri Əli Kərimli də qalib xalqın hüquqları ilə bağlı bir status paylaşıb:

” – Qalib xalqın qaziləri çarəsizlikdən intihar etməz;

– Qalib xalqın uşaqları dövlət qayğısından kənarda, ac-yalavac böyüməz;

– Qalib xalqın mübariz övladları siyasi məhbus kimi məhbəslərdə çürüdülməz;

– Qalib xalqın özünə parlament, prezident seçmək hüququ olar…”.

“Ölkədə siyasi məhbuslar var”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı problemlər mövcuddur: “Vətəndaşların həm Konstitusiyada, həm digər qanunvericilikdə nəzərdə tutulan, həm də beynəlxalq aktlarla qorunan hüquqlarının müdafiəsində problemlər qalmaqdadır”.

Ekspertin sözlərinə görə, əsas siyasi azadlıqlarla bağlı problemlərdir: “Ölkədə siyasi məhbuslar var və yenə də insanlar siyasi baxışlarına görə təqib olunur, hətta ifadə azadlığına görə təqiblər var. Sosial şəbəkələrdə özünü ifadə edən şəxslər zaman-zaman təhdidə, təzyiqə məruz qalırlar”.

Lakin, o hesab edir ki, bayramlarla bu problemlər arasında paralel aparmaq olmur: “Bayraq Gününün qeyd olunması bizim Cümhuriyyət dövründə ilk bayrağımızın qaldırılması ilə bağlıdır. Zəfər Günü isə torpaqlarımızın işğaldan azad olunması ilə bağlıdır. Konstitusiyamız da bir çox beynəlxalq normalara cavab verir. Ancaq Konstitusiyamızın işləmə mexanizmində problemlər var. Amma bayramların qeyd edilməsi ilə insan hüquqlarının pozulması arasında paralellik aparmaq düzgün deyil”.

Azadlıq radiosu