Kreml Vaşinqtonun Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə məzmunu açıqlanmayan danışıqlar apardığına dair ABŞ mediasında yayılan xəbərlərə şərh verməkdən imtina edib.
Bundan əvvəl Rusiyanıın Ukraynada müharibəni şiddətləndirəcəyinə və hətta nüvə silahına əl ata biləcəyinə dair xəbərlər yayılmışdı.
Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 7-də deyib ki, Rusiya danışıqlara açıqdır, lakin Kiyevin Rusiya ilə danışıqlardan imtina etdiyinə görə dialoqa başlaya bilmir.
Bu barədə Vaşinqton da heç bir şərh verməyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Reuters agentliyinə deyib:
“Biz bunu əvvəllər də demişik, yenə də deyirik: Əməllər sözlərdən daha çox şey deyir. Əgər Rusiya danışıqlara hazırdırsa, raketləri və bombaları dayandırmalı və öz qüvvələrini Ukraynadan çıxarmalıdır”.
***
‘The Wall Street Journal’ qəzeti ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Rusiya rəsmiləri ilə konfidensial danışıqlar apardığını yazır. Mənbələrin qəzetə dediyinə görə, söhbət Rusiya Prezidentinin Xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gedir.
Qəzet yazıb ki, danışıqların məqsədi Ukrayna münaqişəsinin eskalasiya riskini azaltmaq, kommunikasiya kanallarını açıq saxlamaq olub, yəni, Ukrayna müharibəsinə qon qoymağın şərtləri müzakirə olunmayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton Moskvaya nüvə silahı, yaxud istənilən kütləvi qırğın silahı işlətməməklə bağlı xəbərdarlıq edib.
Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Edrien Uotson (Adrienne Watson) qəzetin informasiyasını nə təsdiq, nə təkzib edib.
+++
Bayden administrasiyası gizli şəkildə Ukrayna liderlərini həvəsləndirir ki, Rusiya ilə danışıqlara açıq olduqlarını göstərsinlər, Prezident Vladimir Putin hakimiyyətdən gedənəcən sülh danışıqlarından açıq şəkildə imtina etməsinlər. Bu haqda “The Washington Post” qəzeti müzakirələrlə tanış şəxslərə istinadla yazır.
Azadlıq radiosu