Amansızlıqla döyülən Rasim Ismayılov təcili əməliyyat olunmalıdır
Bakının Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülüb. Hadisə dünən səhər saatlarında baş verib. Bu barədə döyülən şəxsin qohumu Aydın Cahangirov ANS PRESS-ə şikayət edib.
Onun sözlərinə görə, “Mercedes” markalı 10 IR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu Ismayılov maşını Bakı Beynəlxalq Avtovağzalın ərazisində saxlayıb. Maşında sərnişin qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb. Onlar Rasim Ismayılovdan sənədləri tələb ediblər. “Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə, onlar bundan imtina ediblər. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim Ismayılovu möhkəm döyüblər. Hadisə yerinə Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib”.
Stansiyadan ANS PRESS-ə verilən məlumata görə, avtovağzala çağırış əsasında həkim briqadası yollanıb. Təcili tardım həkiminin sözlərinə görə, 30 yaşlı Rasim Nazim oğlu Ismayılova ilkin tibbi yardım göstərib və onu Respublika Xəstəxanasına aparıb.
Xəstəxananın həkimi Elşad Musayevin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir və həyatı üçün təhlükə yoxdur. Lakin xəstə təcili əməliyyat olunmalıdır.
“Xəstənin sol gözünün qapaqları qansızma ilə şişib. Sol almacıq sümüyü yerini dəyişib və üz sümükləri sınıb. Həmçinin xəstənin burnunda sınaqlar olub. Xəstənin gözündə hansısa problemlərin yaranıb-yaranmamasını müəyyən etmək üçün isə göz həkiminə də göstəriləcək. Hazırda xəstənin sınmış və yerini dəyişmiş almacıq sümüyünün yerinə qoyulması üçün əməliyyat olunacaq”.
Hadisəni baş vermə səbəblərini araşdıran Binəqədi rayon Polis Idarəsinin 40-cı polis bölməsinin müstəntiqi Aftandil Bayramovun verdiyi məlumata görə, Rasim Ismayılovun kimlər tərəfindən döyülməsi araşdırılacaq.
“Rasim Ismayılovun verdiyi ifadəyə görə onu Nəqliyyat Nazirliyinin 5 nəfər əməkdaşı döyüb. Hadisə avtovağzal ərazisində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.