ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti növbəti dəfə Azərbaycanla bağlı yazı dərc edib. Daha doğrusu ərəb ölkələrindən bəhs edən yazıda Azərbaycanda baş verənlərə də diqqət yetirilib. Ilham Əliyevi dünyəvi müsəlman diktatoru və arzuolunmaz şəxs adlandıran müəllif onun ABŞ-la oyun oynadığını qeyd edib. Analitik ABŞ dövlət katibi Hillari Klintondan iqtibas gətirir: “Dövlət katibi Hillari Klinton bugünlərdə bildirib ki, ayrı-ayrı ölkələrdə demokratik islahatların aparılması ABŞ-ın strateji maraqlarına daxildir. Klinton deyib ki, bu, sadəcə bir idealizm deyil, həm də strateji zərurətdir”.
Yazıda, həmçinin Azərbaycanın demokratiya sahəsində Iran və Çin kimi ölkələrlə eyni sırada dayandığı vurğulanır.
Dövlət Departamentinə yaxınlığı ilə seçilən “The Washington Post” qəzetində dərc edilən məqalənin müəllifi nəşrin redaktorudur. Orada əks olunan fikirləri isə bir çox ekspertlər ABŞ-ın Əliyevə inqilab xəbərdarlığı kimi qiymətləndirir. Vaşinqton bununla Ilham Əliyevə hansı mesajı çatdırmaq istəyir?
«Demokratik islahat keçirə bilməyən hakimiyyəti Misir və Tunis iqtidarlarının aqibəti gözləyir»
Politoloq Eldar Namazovun fikrincə, bu məqalə əslində təəccüb doğurmamalıdır. Çünki Azərbaycanda yaranan duruma beynəlxalq ictimaiyyətin verdiyi qiymət məlumdur.
Ekspertin sözlərinə görə, Misir və Tunisdə baş verənlərin əhəmiyyəti bu ölkələrin taleyindən kənara çıxan məsələdir. Bu da diqqətdən kənarda qala bilməz: “Bir çox avtoritar rejimlər məhz Misir modelindən ruhlanıb öz siyasətini qururdular. Uzun illərdir Azərbaycan hakimiyyətinin apardığı siyasətin məqsədi də ölkədə belə model tətbiq etməkdən ibarət idi. Yəni bir tərəfdən dünyəvi dövlət yaradılır, ancaq eyni zamanda avtoritar sistem mövcuddur. Ölkənin daxilində də bu rejimə qarşı mübarizə aparan əsas qüvvə siyasi islamdır. Bunun müəllifləri hesab edirdi ki, Misir modeli islam dünyasında məqbul model kimi qəbul ediləcək. Bu halda Azərbaycan da bu yolla gedə bilər. Hakimiyyətin əsas rəqibi də Qərbyönümlü demokratik müxalifət yox, məhz siyasi islam olmalıdır”.
Ekspert hətta Azərbaycan hakimiyyətinin bu istiqamətdə müəyyən “uğurlar” əldə etdiyini də vurğuladı: “Müxalifət partiyaları faktiki olaraq siyasi səhnədən kənarlaşdırılmışdı, vətəndaş cəmiyyəti üzərində total nəzarət var idi. Azad mətbuata qarşı sərt hücumlar aparılırdı. Bu meydanı artıq siyasi islam doldurmağa başladı. Ötən ilin sonunda süni hicab problemi yaradıldı. Çalışırdılar bütün dünyaya nümayiş etdirsinlər ki, artıq Azərbaycanda hakimiyyətin alternativi məhz siyasi islamdır. Qəflətən Tunisdə, Misirdə bu üsyanlar başladı. Qərb birmənalı olaraq bu rejimləri ölkədə islahatlar aparmağa çağırdı. Dünya siyasətində bu modelin üzərindən xətt çəkildi. Belə bir fiasko bizim hakimiyyət üçün çox gözlənilməz oldu. O qədər vaxt, güc sərf etdilər. Islamçıların mitinqi təşkil edildi. Hamısı hədər getdi. Indi ortada acı bir həqiqət var. Ya demokratik inkişaf yolu, ya da sosial partlayışlar, siyasi böhranlar və məxməri inqilablar olacaq”.
E.Namazovun sözlərinə görə, hakimiyyət təcili olaraq vəziyyətdən çıxış yolu axtarır. Korrupsiya ilə mübarizə aparmaq görüntüsü də bu səbəbdən yaranıb. Lakin ekspert bu addımların heç bir nəticə verməyəcəyini deyir: “Real demokratik islahatlar həyata keçirilməlidir. Demokratik islahat keçirə bilməyən hakimiyyəti isə Misir və Tunis iqtidarlarının aqibəti gözləyir. ”The Washington Post”un məqaləsi də buna işarədir”.
«Azərbaycan hakimiyyəti bundan ciddi nəticə çıxarmasa, çox böyük təhlükə ilə üzləşəcək»
Siyasi şərhçi Rahim Hacıyevin fikrincə, bu məqalənin ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayzanın Bakıya gəldiyi gün dərc edilməsi diqqətçəkən məsələdir.
Ekspertin sözlərinə görə, materialda iqtidara çox ciddi mesajlar ünvanlanıb: “Azərbaycanda vəziyyətin pis olduğu göstərilir, hakimiyyətin vaxtında lazımi addımlar atmasının vacibliyi vurğulanır. Xüsusilə Ilham Əliyevin bu vaxta qədər neftə arxayın olduğu qeyd edilir. Yazıda göstərilir ki, Əliyevin vəziyyəti pis olanda, Qərbin demokratiya ilə bağlı tələbləri sərtləşəndə Rusiyanın yanına sığınır, Qərbin çağırışlarını qulaqardına vurur. Çox mühüm əhəmiyyət kəsb edən bir məsələ də vurğulanıb ki, Azərbaycan hakimiyyəti ölkədə guya islam ekstremizminin olması ilə bağlı fikirlər formalaşdırmağa çalışır. Lakin Vaşinqtonda bunun nə olduğunu yaxşı başa düşürlər. Bütün bunlarla hakimiyyət Qərbi qorxutmaq istəyir ki, Azərbaycanda demokratiya tələblərindən əl çəksin”.
R.Hacıyev məqalədə bir çox sərt ifadələrin yer aldığını da vurğuladı: “Yazıda qeyd edilir ki, Azərbaycan hakimiyyəti vaxtında demokratikləşmə ilə bağlı addımlar atsaydı, indi belə riskli vəziyyətə düşməzdi. Yəni Azərbaycan hakimiyyəti apardığı siyasətlə özü üçün çox riskli bir vəziyyət yaradıb”.
Ekspertin fikrincə, Azərbaycanın demokratiyanı tapdalayan ölkə kimi Çin və Iranla bir sırada göstərilməsi də təsadüfi deyil: “Azərbaycan hakimiyyətinə bununla göstərmək istəyirlər ki, ölkədə vəziyyət olduqca kritikdir. Hakimiyyət bu vaxta qədər məhz vəziyyəti pisləşdirmək istiqamətində siyasət yürüdüb. Bununla da özü üçün ciddi risk yaradır. Şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti bundan ciddi nəticə çıxarmasa, çox böyük təhlükə ilə üzləşəcək”.
Fizzə