Azərbaycan Baş Prokurorluğu Ermənistan hərbçilərinin güllələndiyi bildirilən və işgəncə görüntülərinin yer aldığı videoları araşdırdığını deyir.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov oktyabrın 6-da keçirilən brifinqdə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış həmin videolar təhlil edilib: “Bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb”.
Dörd hərbçi mühakimə edilib
Onun sözlərinə görə, iki Azərbaycan hərbiçisinin Zəngilanda öldürülmüş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətləri ilə bağlı istintaqı aparılıb. Habelə, iki hərbçinin Xocavəndin Mədətli kəndində ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərilərində təhqiredici hərəkətlər etmələri də istintaqın diqqətində olub: “Dörd nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər barədə istintaq tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər”.
Tədbirdə habelə deyilib ki, sentyabr hadisələrində Ermənistan hərbçilərinin işgəncələrlə öldürdüyü və görüntüləri yayılan altı nəfər Azərbaycan vətəndaşının meyiti onlara təhvil verilib.
Videoların yayılması
Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.
Digər bir videoda isə bir qrup hərbçi, mülki şəxs hərbi və mülki forma olan meyitləri təhqir edir. İddia olunurdu ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.
Beynəlxalq qurumlar və onların təmsilçiləri bu videoların araşdırılması ilə bağlı çoxsaylı müraciətlər yayıblar.
Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.
Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.
Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.
Azadlıq radiosu