“Baku Steel Company” MMC – poladəritmə zavodunun iki ilə yaxındır həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovla şirkətdə onun birinci müavini olmuş Çingiz Həsənov bir-birini ittiham edir.
Onlar orta məktəbdə birlikdə təhsil alıblar, dost olublar, 2009-cu ildən də “Baku Steel Company”də birlikdə işləyiblər. Həsənov öncə şirkətdə maliyyə direktoru, sonradan birinci müavin olub.
Yeyinti nəticəsində “Baku Steel Company”ə 185 milyon manat ziyan vurmaqda ittiham olunanan Məmmədovdan sonra Həsənovu da həbs ediblər. O, 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlansa da, sonradan azadlığa buraxılıb. Amma barəsində cinayət təqibi davam edir.
13 milyon manatlıq kəsir
Həsənovun istintaqa ifadəsində “Baku Steel Company”də armatur satışı, metal alışı zamanı qiymətlərin şişirdilməsi, qeyri-rəsmi xərcləmələr haqda fikirlər yer alıb. O bildirib ki, bütün bunlar Məmmədovun rəhbərliyi və göstərişiylə həyata keçirilirdi. Ondan icazəsiz heç bir əməliyyat aparılmırdı.
Həsənov məhkəmədə də “Baku Steel Company”də 13 milyon manatlıq kəsirə görə Məmmədovu ittiham edib:
“Sənə 50 dəfə demişdim ki, bu kəsir məsələsini həll elə, başımız ağrıyacaq… Sən dost olsaydın, qoymazdın ki, nə dostların düşsün həbsxanaya, nə də özün…”
Həsənov iddia edib ki, şirkətdən Məmmədova qeyri-rəsmi şəkildə verilən milyonlarla vəsait onun zavodlar, evlər almasına və başqa xərclərinə yönəlib.
Azadlıq radiosu