İlham Hüseyn
Şər-böhtanı, başqasının haqqını mənimsəməyi, yaltaqlığı, min sifətə düşməyi həyat tərzinə çevirmiş adamlara təəccüblənməmək olmur. Belə əxlaqla yaşamağı necə bacarırlar?
Ernest Hemenquey yazırdı ki, bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqidir, əgər özünü pis hiss edirsənsə o qeyri – əxlaqidir. Əgər Hemenquey yazdığı kimidirsə, bu adamlar bütün iyrənclikləri etdikdən sonra özlərini yaxşı hiss edirlər və əməllərini əxlaqsızlıq saymırlar. Ya da bu qədər eybəcərlikləri törədib, özlərini pis hiss edirlər, əxlaqsız olduqlarını başa düşürlər və bunu qəbullanaraq yaşamağa davam edirlər.
Mişel Monten isə “ədalət olmayan yerdə əxlaq da yoxdur” deyirdi. Məncə, düzgün dəyərləndirmədir. Çünki əxlaqlı adam ədalətsizliyi alqışlaya bilməz. Ədalətsizliyin olduğu yerə fədakarlıqla bağlanmaz. Əslində korrupsiya, repressiya, saxtakarlıq ədalətsizliyin istehsalıdı və bunu ancaq əxlaqsız adamlar reallaşdıra bilər.
Amma bu mövzuda məni ən çox düşündürən Hegelin yanaşmasıdır. Hegel, əxlaqı iradənin ağlı adlandırırdı. Yəni, anti-insani əməllərdə iradə göstərmək əxlaq ola bilməz. Yaxud, əxlaqa söykənməyən iradə ağılsızdı.
Bu mövzunu genişləndirmək də olar, çox dərindi. Amma bir şeyi əlavə etmək istəyirəm ki, zülmü sakit qarşılamaq, zalıma nifrət etməmək, ədalətsizliyə adaptasiya olmaq da əxlaq məsələsidir. Avtobusda yaşlı adama yer vermək, küçədə dilənçiyə sədəqə vermək, yolda qalan adamı mənzil başına çatdırmaq hələ əxlaq göstəricisi deyil. Bunları əxlaqsız saydığımız adamlar da edə bilər. İctimai məsuliyyətdən imtina edən, cinayətkar vəzifələlilərə loyal yanaşan, zalımın əməlinə “kim gəlsə belə olacaq”deyib, haqq qazandıran, bütün dəyərləri mədəsindən aşağıda görən adam əxlaqlı adam ola bilməz. Ümumiyyətlə, əxlaq həm də avtoritarizmə münasibətdə özünü göstərir. Avtoritar idarəçilik fərq qoymadan hamının taleyini oğurlayırsa, sənin əxlaqıyın ölçü vahidi yaşadığın ölkədə başverənlərə münasibətdi. Unutmayaq ki, avtoritarzmin əxlaqı olmur.