Azərbaycanın demokratiya şansı-AXCP !
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
2 gün keçsə də AXCP – nin keçirdiyi aksiya barədə bəzi vacib məsələləri sizinlə bölüşmək istəyirəm. Ən son dəqiləşmiş məlumata görə bu aksiyada 170 nəfər saxlanılan olub. Onların da 150 nəfəri AXCP üzvüdür. Bu sayda iştirakçının saxlanılması, etirazçıların kütləviliyinin və rejimin sərtliyinin göstəricisidir. Bu baxımdan 170 rəqəmi özlüyündə bir aksiya effekti yaradan bir kəmiyyətdir. Əgər bu etirazlar davamlı olarsa və hər dəfə də hakimiyyət polis zorakılığına gedib çox adam saxlamalı olacaqsa, bu hazırkı geosiyasi şərtlərdə rejimin daha çox antidemokratik, zorakı mahiyyətdə görünməsinə yol açmış olacaq. Nəzərə almaq gərəkdir ki, qarşıdan elə bir dövr gəlir ki, yeni beynəlxalq şəraitdə çox saylı həbslər hakimiyyət üçün əsl problemə çevriləcək. Ona görə də, təkcə meydandakı insanların sayı deyil, polis məntəqələrinə aparılan şəxslərin də çoxluğu önəmlidir. Bir şeyi unutmaq olmaz ki, aksiyalar təkcə etiraz bildirmək, tələbləri hakimiyyətin nəzərinə çatdırmaq üçün keçirilmir, elə aksiyalar var ki, onların əsas hədəfi rejimin antidemokratik mahiyyətini üzə çıxarıb beynəlxalq birliyin diqqətini ölkədəki repressiv şəraitə cəlb etmək üçündür. Bu baxımdan AXCP-nin son aksiyası həm də bu məqsədə xidmət edirdi.
Digər bir məqam odur ki, AXCP göstərdi ki, cəmiyyət hətta meydana çıxmağa tam hazır olmadığı bir mərhələdə belə, ölkədə etiraz potensialı və imkanı olan müxalif güc mərkəzi var. Bu o deməkdir ki, ən sərt nəzarət şəraitində, paytaxt polisinin genişmiqyaslı əməliyyat planları qarşısında belə, AXCP-öz resursları hesabına rejimin yaratdığı maneələri aşaraq meydanda etiraz aksiyaları təşkil etmək iqtidarındadır. Və zamanı gələndə bu cür etirazların mütəmadi təşkili, davamlı etiraz prosesi yaradaraq beynəlxalq və yerli ictimaiyyətin diqqətini ölkədəki antidemokratik vəziyyətə cəlb edəcək. Bu isə yaxın gələcəkdə Rusiyanın Ukraynadakı məğlubiyyətin doğuracağı yeni geosiyasi reallıqların ölkə daxilində demokratik proseslərə müsbət təsir göstərməsi baxımından önəmlidir.
Digər bir mühüm məqam da, həbs olunanların çoxluğuna baxmayaraq, bunun cəmiyyətdə məyusluq, cəbhəçilərdə çəkingənlik yaratmamasıdır. Polis aksiya iştirakçılarına bir yerə toplanmağa imkan verməməklə, çalışırdı ki, etiraza gələnlərin çox olması nəzərə çarpmasın. Ancaq bu cəhd əks effekt verdi, saxlanılanların sayının çoxluğu, elə aksiya iştirakçılarının kəmiyyət göstəricisi kimi insanlarda ruh yüksəkliyi yaratdı. Sosial şəbəkələrdəki reaksiyalar onu göstərdi ki, çox sayda insanın saxlanılması, susmayan, mübariz apara bilən insanların və müxalifətin varlığını nümayiş etdirərək, cəmiyyətdə özünə inam hissini artırıb. Demək ki, rejimin bu qədər səylərinə baxmayaraq ölkədə hələ də meydana çıxıb öz tələblərini bildirə bilən bir etirazçı potensial var. Nəzərə almaq lazımdır ki, həmişə saxlanılanların sayı aksiyaya gələnlərin sayından bir neçə dəfə az olur, o zaman demək ki, daha çox sayda aktiv etirazçı potensialının olduğu aydın olar. Bu baxımdan AXCP öz keçirdiyi aksiya ilə hakimiyyətə o mesajı verdi ki, nə indiyə qədər aparılan sərt repressiya siyasəti, nə də ki, saxta müxalifət layihələrinə qoyulan sərmayələr ölkədə real və gerçək alternativi sıradan çıxara bilməyibsə, bundan sonra da hər hansı mürtəce qanun layihəsi ilə buna nail olmaq mümkün olmayacaq.