Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun cəza müddəti sentyabrın 27-də başa çatsa da, azadlığa buraxılmayıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil bildirib ki, müvəkkili bir sutkadır həbsdə qanunsuz saxlanılır. Çünki ortada Ali Məhkəmənin qərarı var və həmin qərara əsasən, cəza müddəti sentyabrın 27-də başa çatıb.
İki gündür Naxçıvanda olduğunu və Ələsgərovun saxlandığı qarışıq tipli cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə dəfələrlə görüşdüyünü deyən Xasayev Ali Məhkəmənin qərarını da təqdim etdiyini vurğulayıb.
“Mənim təqdim etdiyim sənəddən əlavə, Ali Məhkəmənin qərarı elektron formada da Naxçıvan Ədliyyə Nazirliyinə göndərilib. Buna baxmayaraq, buraxmırlar. Deyirlər ki, Ali Məhkəmənin qərarını araşdırırlar. Halbuki, Ali Məhkəmənin qərarı cəzaçəkmə müəssisəsi üçün araşdırma predmeti ola bilməz. Belə bir qərar varsa, onu icra etməlidirlər”, – vəkilin sözləridir.
Azadlıq radiosu