Azərbaycan Rusiyanın forpostuna, Ermənistan isə Qərbin müttəfiqinə çevrilib
Bu vəziyyət bizə nə vəd edir?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusiya dövlət Dumasının sədri Valodinin Bakıya gəlişi heç də sıradan bir səfər deyil. Bu səfərdə müzakirə olunan əsas məsələ müttəfiqlik bəyannaməsinin icra vəziyyəti və Azərbaycanda Rus dilində təhsilin genişləndirilməsi və s. məsələlərdir.
Təəssüf doğuran acınacaqlı haldır ki, Azərbaycan hakimiyyəti dünyada təcrid olunan və işğalçı dövlət kimi qınanan Rusiya ilə ilin günün bu vaxtında müttəfiqlik münasibətlərini dərinləşdirməklə məşğuldur. Bu müttəfiqlik münasibətləri, əslində Rusiyanın qarşısında özünü daha aslı vəziyyətə salıb vassal öhdəlikləri götürmək deməkdir. Heç cür qəbul edilən deyil ki, bütün postsovet məkanında Rusiyadan uzaqlaşmaq istəyi hakim olduğu bir zamanda, İlham Əliyev Azərbaycanda Rusiyanın imperiya siyasətinin daha dərin kök salması üçün oturub Volodinlə ölkəmizdə rusdilli təhsilin genişləndirilməsini müzakirə edir. Bu baş verənlər açıq aşkar Belarus yolu getməkdir.
Məsələnin geosoyasi tərəfinə gəldikdə isə, Azərbaycan hakimiyyətinin milli və dövlət maraqlarımıza əks olan bir siyasət yürütdüyü görünür. Aydın görünür ki, bu gün Qərb və Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət getdikcə kəskinləşir və hər iki tərəf region ölkələrini öz cinahına çəkməyə çalışır. Bu yaxınlarda ABŞ Nümayəndələr Palatasının sədri Pelosi Rusiya təzyiqləri qarşısında Paşiniyana dəstək nümayiş etdirmək üçün İrəvana səfər etdi və Qafqaz uğrunda rəqabətdə Ermənistan üzərindən Putinə mesaj verdi.
İndi də buna cavab olaraq Rusiya da öz parlament sədrini Bakıya göndərməklə Azərbaycan üzərindən ABŞ-a cavab vermiş olur.
Cənubi Qafqazda uğrunda Qərb və Rusiya arasında rəqabət həm də region ölkələrinin bu iki tərəf arasında geosiyasi seçim qərarı vermələrini gündəmə gətirir. Ermənistanın artıq Rusiya ilə yollarını ayırmaqda qərarlı olduğu görünür. Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatı toplantısına qatılmaması, Ermənistanın bundan sonra Rusiyanın geosiyasi layihələrinə yer almaqdan imtina edəcəyini göstərdi. ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin bu ölkəyə səfəri və Azərbaycanla sərhəd toqquşması zamanı Qərbdən aldığı dəstək, Rusiya ilə münasibətləridə Paşinyanı daha da cəsarətləndirərək, müstəqil davranmasına şərait yaradır. Bu günlərdə Ermənistanın KTMT – nin təlimlərində iştirak etməyəcəyini də açıqladı. Bu artıq Rusiyanın hərbi çətiri altından çıxmaqla bağlı çox ciddi strateji qərarın hazırlamaq üzrə olduğunu göstərir. Eyni zamanda Ermənistanın bu günlərdə 2 PKK terorçusunu Türkiyəyə təhvil verməsi, Rusiyanın planlarına zidd olaraq münasibətləri yaxşılaşdırmaq niyyətini göstərir.
Narahatlıq doğuran haldır ki, Ermənistanın Qərbə yaxınlaşması fonunda, Azərbaycan Rusiyaya daha çox meyillənməkdə, Kremlin Qafqazdakı forpostuna çevrilməkdədir. Ukrayna ilə bağlı məsələlərdə Azərbaycanın Rusiya meyilli mövqe tutması, Moskva ilə iki tərəfli münasibətləri və əlaqələri getdikcə daha da dərinləşdirməsi , ölkəmizi Rusiyadan daha çox asılı vəziyyətə salmaqdadır.
Bu vəziyyətdə narahatlıq doğuran əsas məsələ budur ki, Qərbin Qarabağ probleminə və Ermənistan Azərbaycan münasibətlərinə münasibəti geosiyasi zəminində yenidən format olunmaqdadır. Yəni, Azərbaycan Rusiyanın müttəfiqi kimi göründüyündən, geosiyasi maraqlara görə bu vəziyyət Qarabağ məsələsində bizi beynəlxalq dəstəkdən məhrum etməkdədir. Son sərhəd insidenti zamanı təhlükənin nə qədər böyük olduğu görsəndi. Ən acınacaqlısı da odur ki, Azərbaycan bu yanlış geosiyasi seçimi qarşısında nə Qarabağ məsələsində, nə Laçın dəhlizi ilə bağlı, nə də ki, Zəngəzurda heç bir uduş sahib ola bilməyib.