Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu gün Putinin Ukraynada ət maşınından keçirmək üçün tələm-tələsik yığıb hazırlıqsız, normal geyimsiz, təchizatsız döyüşə göndərdiyi ruslar dünənədək siyasətə qarışmırdı.
Onlar siyasətə qarışmaya-qarışmaya Putini dəstəkləyir, “Krım naş” deyir, Putinin Belarusu və Ukraynanı məhv etmək hesabına yaradacağı Rus dünyasının qürurunu yaşayırdılar.
Nemtsov güllələnəndə onların vicdanı yatırdı.
Navalnı öncə zəhərlənib sonra həbs ediləndə onlar öz həyatlarını yaşayırdı.
Rusiya Gürcüstanı, Ukraynanı işğal edəndə onlar Putinin şəninə nəğmələr oxuyurdu…
Onlar da hökumətlə hökumətlik etmirdi.
Onlar da başlarını aşağı salıb balalarını dolandırırdı.
Onlar da müxalifıtçilərə axmaq kimi baxır, siyasətlə məşğul olmağı az qala əxlaqsızlıq hesab edirdi.
Və bir gün siyasət özü onlara qarışdı.
Mövqesizlikləri, simasızlıqları, biganəlikləri ilə bəsləyib şişirdikləri insan qəssabına öz xəstə ambisiyalarını təmin etmək üçün daha çox ət və qan lazım olduqca, sıra onlara da çatdı.
İndi həmin siyasətə qarışmayan, müxalifətə kinayə ilə baxıb guya rahat həyat yaşadığı üçün özünü çox ağıllı hesab edən ruslar küçələrə axışıb “Net voyne” çığırırlar.
Ukraynalı körpələrin başına gecə yatdıqları yerdə göydən bomba yağdığını televizorda seyr edəndə savaş gözəl idi, amma İvanla Andreyi divanın üstündən qaldırıb həmin o savaşın içinə atanda yadlarına düşdü ki, müharibəyə etiraz etmək, siyasətə qarışmaq lazımmış))).
63 yaşlı kişini aparırlar.
59 yaşlı xərçəng və şəkər xəstəsini aparırlar.
Evində 3 yaşlı körpəsi olan həkim qadını aparırlar.
5 körpə uşaq atasını aparırlar.
Tələbələri aparırlar.
Ağır xəstələri aparırlar.
Heç bir tibbi komissiyadan və müayinədən keçirmədən, hətta xəstə olub-olmadığını sormadan aparırlar.
Hərbi komissarlığa 30 min dollar rüşvət vermək, 5 min dollara uçaq bileti alıb Istanbula, Alma-Ataya, Irəvana, Bakıya… qaçmaq imkanı olmayan hər kəsi aparırlar və ya aparacaqlar.
Gürcüstan sınırında 23 km tıxac yaratmış rusları işğal etdikləri ölkəyə buraxmamışdan öncə onlara “Abxaziya Gürcüstandır”, “Cənubi Osetiya Gürcüstandır” dedizdirirlər. Vaxtilə Rusiya Gürcüstanı işğal edəndə çəpik çalan ruslar əzilə-əzilə, sına-sına hətta “Moskva Gürcüstandır” deməyə hazırdırlar, təki sərhəddi keçib indi Cəhənnəm hesab etdikləri Rusiyadan canlarını qurtara bilsinlər.
Amma onu da bacarmayacaqlar, çünki Rusiya Gürcüstan, Qazaxıstan və Finlandiya ilə sərhəddində hərbi komissarlıq qurur ki, rüşvət alıb buraxdıqlarını indi də orada yaxalayıb Ukraynaya ölməyə göndərsin.
Qazaxıstan sərhəddini sürünə-sürünə, Estoniya ilə sərhəddi Narva çayı boyunca üzə-üzə keçən rusları tutub bülbül kimi “Krım Ukraynadır” ötdürüb geri qaytarırlar ki, gedib sevgili diktatorları uğruna ölsünlər.
Ruslar bu münasibəti dibinə qədər haqq ediblər.
İlahi ədalətə həmişə inanmışam.
Və hər gün daha çox inanıram.
SLAVA UKRAİNİ!