İran insan haqları mərkəzi bildirir ki, ölkədə genişmiqyaslı etirazlarda ən azı 36 nəfər ölüb
İran prezidenti İbrahim Rəisi deyib ki, gənc qadın Məhsa Əmininin onun ölkəsində geniş etirazlara səbəb olmuş ölümü tez bir zamanda araşdırılmalıdır.
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası əsnasında keçirilən mətbuat konfransında Rəisi həm də Qərbi insan haqları məsələsində “ikili standartlarda” ittiham edib.
O deyib ki, Qərb ölkələrində də adamların polis məntəqələrində ölməsi halları olur:
“Mən elə ilk imkanda onun ailəsi ilə əlaqə saxlamışam və onları əmin etmişəm ki, biz bu insidenti tez bir zamanda araşdıracağıq…Bizim ümdə vəzifəmiz hər bir vətəndaşın hüquqlarının müdafiəsidir”.
The Guardian qəzetinin yazdığına görə, Əmininin dayısı oğlu Erfan Mürtəzayi IranWire xəbər saytına deyib ki, ailəyə hadisələrin rəsmi versiyasını dəstəkləməsi üçün təzyiq göstərilir.
Ailədən tələb olunur ki, onlar Məhsanın polisdə aldığı xəsarətlər nəticəsində yox, vaxtilə aldığı beyin zədəsindən öldüyünü desinlər.
Ziddiyyətli rəqəmlər
Bu arada İran insan haqları mərkəzi bildirir ki, ölkədə genişmiqyaslı etirazlarda ən azı 36 nəfər ölüb.
Hakimiyyət orqanları isə 17 nəfərin həlak olduğunu bildirir.
Son bir həftə ərzində minlərlə iranlı hicab qaydasını pozduğuna görə polis tərəfindən saxlanmış və polis məntəqəsində ölmüş 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə çıxıb.
Bu etirazların ilk günlərindən qadınlar kütləvi olaraq hicablarını açır, onları yandırır və saçlarını kəsirlər.
Bunun ardınca isə küçərlərdə ali rəhbər ayətüllah Əli Xameneyiyə ünvanlanmış “Diktatora ölüm” şüarları səslənib.
Amnesty International bildirir ki, İran təhlükəsizlik qüvvələri nümayişlərin dağıdılması üçün gözyaşardıcı qazdan və suatanlardan, habelə rezin güllələrdən istifadə edir, etirazçılar dəyənəklərlə döyülür.
Təşkilat BMT-ni İran təhlükəsizlik qüvvələrinin qanunazidd hərəkətinin araşdırılmasına çağırıb.
Azadlıq radiosu