Baş Prokurorluq jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun işi üzrə istintaqın gedişatı haqqında məlumat yayıb.
İşdə yeni fiqurantlar ortaya çıxıb. Belə ki, istintaqın Əvəz Zeynallının, “Səda TV” internet kanalının rəhbəri Elnur Şükürovun və onun tanışı Teymur Rəhimovun vətəndaş Nəzakət Cəfərova üçün torpaq sahəsinin özəlləşdirilməsini təşkil etmək üçün əlbir olduqları barədə “əsaslı şübhələri” yaranıb. Sumqayıt şəhərində yaşayış binasına bitişik olan bu torpaq sahəsində mağaza tikilməsi planlaşdırılırdı.
Adı çəkilən şəxslər icra hakimiyyətindən müvafiq icazəni almaq üçün 11 070 manat alıblar.
Bundan başqa, Zeynalov və Şükürov Telman Vəliyevdən Sabunçu qəsəbəsində mağaza tikintisi üçün icazə alınması məqsədilə 7000 manat alıblar, deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Eyni zamanda, istintaq Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edib.
Zeynalova və Şükürova qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilib, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək, deyə Baş Prokurorluq bildirir.
Contact.az