AXCP sədri Əli Kərimli
Hazırkı bir nömrəli milli vəzifəmiz Rusiyada yaşayan azərbaycanlıları Putinin Ukrayna ilə müharibəsindən xilas etmək olmalıdır. Əks təqdirdə Rusiyada yaşayan minlərlə azərbaycanlı Putinin Ukrayna ilə savaş avantürasının qurbanı ola bilər. Hərbi səfərbərlik Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edəcək. Rusiya vətəndaşlarının 603 min nəfəri azərbaycanlılardır. Rusiya azərbaycanlıları arasında böyük çoxluq 20-45 yaşlı kişilərdir. Onlar isə hərbi səfərbərliyə çağırılacaq. Hesablamalar göstərir ki, Rusiya hakimiyyəti minlərlə, bəlkə də 10 minlərlə azərbaycanlını Ukrayna ilə savaş üçün səfərbərliyə cəlb edə bilər. Özgəsinin, həm də avantürist və işğalçı müharibəsində kütləvi şəkildə həyatını itirmək Əliyevlər hakimiyyətinin Vətəndən didərgin saldığı soydaşlarımız üçün çox ağır faciə olar.
Ancaq Rusiyada yaşayan soydaşlarımız üçün yeganə təhlükə bu deyil. Rusiyada təqribən 1.4 milyon nəfər də Rusiya vətəndaşı olmayan azərbaycanlı yaşayır. Rusiya hakimiyyəti Rusiyada müvəqqəti yaşayan, vətəndaşlığı olmayan miqrantlara təklif edir ki, Rusiyada hərbi xidmət müqaviləsi imzalayıb, Ukrayna ilə savaşa gedib, Rusiya vətəndaşlığı alsınlar. Vətəndə özünə heç bir perspektkv görməyən, Rusiyada da vətəndaşlığı olmadığı üçün çətinlik çəkən xeyli sayda soydaşımızın da bu tələyə düşəcəyindən çox narahatam.
Rusiyada yaşayan azərbaycanlıların bu acınacaqlı duruma düşməsinin məsuliyyəti də 30 illik Əliyevlər iqtidarının üzərinə düşür. Bu ölkə normal inkişaf etsəydi, ölkəmizdə iş yerləri olsaydı, milyonlarla azərbaycanlı Vətəndən didərgin düşməzdi, hazırda da Putin işğalçılığının qurbanı olmaq təhlükəsilə üzləşməzdi.
Azərbaycan hakimiyyəti son aylarda da quru sərhədlərini açmamaqla soydaşlarımızın Rusiyanı tərk etməsini çətinləşdirib. İndi heç olmasa millətcə, hamılıqla soydaşlarımızın xilası üçün təcili tədbir görməliyik:
- Hamılıqla hakimiyyətdən tələb etməliyik ki, ən azı Rusiya ilə quru sərhədlər açılsın. AZAL qiymətləri qaldırmadan Rusiya şəhərləri ilə Bakı arasındakı aviaresyləri artırsın.
- Xalq olaraq hamılıqla Rusiyada yaşayan soydaşlırımıza izah etməliyik ki, Putinin işğalçılıq müharibəsində iştirakdan bütün mümkün vasitələrlə yayınsınlar.