Hüquq müdafiəçisi Anar Məmmədli
1994-cü ildə birinci Qarabağ müharibəsi başa çatanda bizim Ermənistana qarşı əsas arqumentimiz beynəlxalq hüquq və bu torpağın bizim olmasına dair “kupça” rolunu oynayan BMT qətnamələri olub. Ermənilər isə tarixi ədalət adlı cəfəng iddiaya əsaslanıb müxtəlif xəritələrlə üstümüzə gəlirdilər. Gülünclə qarşılayırdıq və dünya da onları ciddiyə almırdı. Çünki ortada 70 illik birgəyaşayış və formal sərhədlər faktı vardı. Bunun nəticəsi olaraq, ikinci Qarabağ müharibəsi başlayanda bizi əsasən münaqişəni hərbi yolla həllində ittiham etdilər. Heç kim demədi ki, niyə torpağınızı işğaldan azad edirsiz.
İndi biz Zəngəzur və Göyçə ilə bağlı torpaq iddiasını səsləndirəndə, Ermənsitan ərazinə girəndə onların son 28 ildəki gülünc vəziyyətinə düşürük. Bu da azmış kimi haqlı olduğumuz halda haqsız oluruq – təcavüzkara çevrilirik.
Ermənistan bizə qarşı Qarabağda deyil, BMT-nin tanıdğı 29 min kvadrat km ərazidə müharibəyə başlayanda bu onlar üçün vətən müharibəsinə çevrilir. Bu zaman heç kimsə onlara gülməyəcək, beynəlxalq dəstəkləri də artacaq. Zərərçəkən və qurban obrazı legitimləşəcək. Bu Qarabağ ermənilərinin Azərbaycanda gələcək statusu ilə bağlı təlaşları artıracaq. İnsan itkiləri və dağıntılar isə növbəti humanitar fəlakətə səbəb olacaq.
O torpaqlara turist kimi də qayıda bilərik, silahlı əsgərlə də. Amma bu gün bizi turist kimi qəbul etmirlərsə, bu oraya silah gücünə girməyə əsas vermir. Bu akt başqaları üçün doğmalaşmış məkanı dağıtmaq, insanları yurdundan-yuvasından didərgin salmaq və itkilər vermək hesabına olacaq.
Bəs 30 il öncə o torpaqlardan didərgin salınarkən ana bətnində olan və ya heç doğulmamış gənclərin günahı nədir? Nədən 20-30 yaşlarında həyat dolu gənclər hər iki tərəfdə şəhid olsunlar?
Gerçək bir vətənpərvər üçün belə bir fəlakət ssenarisi qəbul edilməzdir. Bu Azərbaycan xalqının milli maraqlarına cavab verən ssenari deyil.
Kimsə düşünürsə ki, Azərbaycan xalqının milli maraqları Zəngəzur və Göyçədən keçir, yanılır. Açın ölkə Konstituiyasını oxuyun. Bizim milli maraqlarımız hazırda Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan şəxslərin konstitusion hüquqlarına təminatdan keçir. Yalnız bu hüquqların keçərli olduğu ərazilər bizim üçün vətəndir. Bu hüquqların keçərli olmadığı yerlər bizim üçün yad torpaqdır – orada tarixi-mədəni izlərimiz, əcdadlarımızın qəbri və ruhu qalsa da.
Biz milli maraqlarımızı doğulduğumuz ölkədə qürurlu yaşayış standartları yaratamqla, azadlqıları və sosial rifahı təmin etməklə hifz edə bilərik. Bizim çağdaş nəsil üçün milli maraqlara xidmətin başqa alternativi yoxdur. Əsrimizin 5/1 hisssini geridə buraxan bir nəsil üçün köhnəlmiş siyasi alternativ təqdim edənlər ya siyasi populizm, ya siyasi riyakarlıq, ya da siyasi avamlıqdan əziyyət çəkirlər.
Xoşbəxt olmaq üçün bizə indiki ərazimiz yetərldiir. Neçə ki, çexlər və avstriyalılar bizim ölkədən də kiçik ərazilərində bizdən daha üstün yaşayış standartı qura biliblər, biz də bunu bacara bilərik. Yetər ki, milli maraq anlayışımız adil, legitim və insani dəyərlərə söykənsin.