Bəzi məqamları çox qeyri-populyar olsa da, demək lazımdır. Çünki rejim insanların səmimi milli və torpaq hisslərini öz hakimiyyət maraqları üçün istismar etməklə məşğuldur.
Dünəndən rejimin nəzarətindəki (bəlkə girovluğunda da demək olar) eskpertlər vasitəsilə o versiya yayılır ki, birinci bizə hücum olunub və biz cavab vermişik. Bəzi bloqerlər də bilərəkdən ya bilməyərəkdən buna qoşulur. Yalançı vətənpərvərlik naminə mən bunu uda bilmərəm. Çünki bu, bizə ziyandır. Proseslərin ümumi məntiqi, tərəflər arasındakı güc nisbəti bu versiyanı istisna edir. Gözlənildiyi kimi, ODKB də Paşinyanın hərbi yardlm istəyinə müsbət cavab vermədi. Hər şey əvvəldən məlum idi. Biz bu versiyaları udsaq, bunun yenə ardı gələcək. Baş verənlərdə Ordumuzun günahı yoxdur. Ordu əmrə tabedir. Bu versiyanı təbliğ edən eskpertlər ordusu isə camaatın aldadılmasında iştirak edirlər. Amma avtoritar rejimdə onların vəzifəsi məhz odur – cəmiyyəti manipulyasiya etmək.
Həm də, bütün baş verənləri sadəcə Rusiyanın təxribatı adlandırmaq yanıldıcıdır. Azərbaycan hakimiyyəti özünü Rusiyanın maşası kimi apararaq bu siyasətdə həvəslə iştirak edir. Təxribat belə olmur. Təxribatda bir tərəf o biri tərəfi iradəsinə zidd nəyəsə sövq edir. Burda isə eyni oyunda həvəslə iştirak var. Əvəzində itirdiklərimiz qazandığımız kimi görünən şeylərdən qat-qat çoxdur. Bu yolla biz normallaşma üçün açılmış tarixi fürsəti itirə bilərik. Rusiya ilə hazırkı paslaşma siyasəti bizi bataqlığa saplayır. Ölkənin inkişaf perspektivi tamamən bloklanır. Əliyevin də məqsədi elə bizim əbədi olaraq bataqlıqda ilişib-qalmağımızdır. Çünki, o, yalnız bataqlıqda padşah ola bilər. Bataqlıq qurusa, o da getməlidir. O, Azərbaycan xalqını əbədi olaraq hüquqsuz rəiyyət kimi saxlamaq istəyir. Bütün siyasəti də bunun başındadır.
Emin Şaiq İbrahimov