Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Abbasov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının masanın üstünə qoyduğu narkotiki üzərinə götürməkdən başqa əlacı yox idi. Onun sözlərinə görə, bundan öncə də sifarişlə həbs edilib və razılaşmayacağı halda, başına gələcəklərini ehtimal edirdi. İnanclı fəal bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.
44-yaşlı Abbasov Bərdə sakinidir, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bərdədə saxlayıb. İnanclı fəalın üstündən 8.3 qram narkotik çıxdığı iddia olunur. Bu üzdən ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib.
Amma Abbasov özünü təqsirli bilmir, deyir ki, sözügedən narkotikin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, narkotik və başqa pis vərdişlərdən uzaq biridir.
“Qarşıma narkotiki qoyub dedilər ki…”
Bərdədə ərzaq mağazasında satıcı işlədiyini deyən Abbasovun sözlərinə görə, tutulduğu gün – martın 3-də mülki geyimli şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyiblər: “Məni Bərdə Rayon Polis Şöbəsinə gətirdilər. Qarşıma narkotiki qoyub dedilər ki, “razılaşmasan, ailən də bura gətiriləcək, sənin əvəzinə qardaşın gedəcək”. Bundan əvvəl də sifarişlə həbs olunmuşdum, bunlara bələd idim. Bilirdim ki, işgəncə və başqa vasitələrlə onsuz da boynuma qoyacaqlar…”.
O vurğulayıb ki, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə 2018-ci ildə də narkotik və silah ittihamıyla şərlənib həbs olunmuşdu. O zaman ona 2 il 6 ay həbs cəzası verilmişdi.
Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verən fəal bəraət hökmü çıxarılmasını istəyib.
Abbasovun vəkili ona qarşı təzyiqlərlə əlaqədar prokurorluğa şikayət edib, polislərin cəzalandırılması istənilib. Amma prokurorluq şikayətdə göstərilən halların təsdiqini tapmadığını bildirərək cinayət işi başlamaqdan imtina edib.
Azadlıq radiosu