İslahat hardan başlamalıdı?
İlham Hüseyn
Avropa hökumətlərinin vətəndaşa münasibətindən, Saakaşvilinin islahatlarından, Zelenskinin qətiyyətindən, hətta Tokayevin mütərəqqi addımlarından danışa bilərsiz. Amma bütün bu nümunələrin bizim hökumətə zərrə qədər təsiri yoxdur. Bizim analoqsuzlar heç kimə bənzəmək istəmir. Bizimkilərin öz “yol”u var. Dövlətin puluna əl uzatmamağı zəruri edən istənilən idarəçilik bizimkilər üçün arzuolunmazdı. Belə idarəçilik dövlətin yox, hökumətin “milli maraq”larına ziddir. Yəni, bizimkilər nə Zelenskiyə, nə Saakaşviliyə, nə də Tokayevə baxıb, utanan deyillər. Əgər xalqın səfil yaşayışına, acınacaqlı həyatına, ölkədəki hüquqsuzluğa baxıb sarsıntı keçirmirlərsə, heç bir müsbət nümunədən dərs çıxaran deyillər. Oğurluğun, repressiyanın, saxtakarlığın pis olduğunu hökumətimiz də bilir. Amma siyasi ömrü uzatmaq üçün bütün neqativləri məqbul sayırlar. Deməli, bizim analoqsuz komandaya xaricdən yox, daxildən nümunə göstərmək lazımdı. Xalq belə yaşamaq istəmədiyini, bir qrup adamın dövləti şəxsi əmlakına çevirməsiylə barışmadığını, haqqı olana sahib çıxacağını nümayiş etdirməlidir. Əks halda, balaca uşağın başı konfetlə aldadıldığı kimi, bizim başımız da bayraq dirəyiylə, idman oyunlarıyla, ağıllı kəndlə, hava limanlarıyrla aldadılmağa davam edəcək. Bəli, zaman göstərdi ki, bizim ölkədə islahatlar hökumətdən yox, xalqdan başlamalıdı. Hökumət öz düzənindən razıdı və susmuş çoxluğu da razılar sırasında görür. Hökumət bu idarəçilikdən qazanır, xoşbəxt olur, arzuladığı da budur. Bu idarəçilikdən itirənlər, bədbəxt olanlar, arzulamayanlar da mövqeyini ifadə etməlidir. 30 ildir bizə danışılan “inkişaf nağılı”nı rədd etməli, azadlıq dastanı yaratmalıyıq. Yoxsa, hökumətin bayağı qafiyələrinə çırtma vura-vura, taleyimizin ritmini itirməyə davam edəcəyik.