Ukraynanın istiqlal savaşı

AXCP sədri Əli Kərimli

Bu gün Ukrayna xalqının Rusiya işğalına qarşı istiqlal savaşının 6 ayı tamam olur. Ukraynanın 24 fevralda Rusiya işğalı ilə başlamış Vətən müharibəsi dünya hərb tarixində qeyri-adi rəşadət və hərbi uğur nümunəsi kimi qalacaq. Ukrayna xalqının özündən dəfələrlə böyük, güclü, zəngin, yaxşı silahlanmış düşmənlə böyük cəsarətlə savaşıb işğalçı ordunu durdurması, Vətənini müdafiə etməsi dünya hərb tarixində az-az rast gəlinən böyük uğurlardan biridir.

Ukrayna xalqının İstiqlal savaşı siyasi baxımdan da dünya düzənini dəyişəcək qədər önəmli hadisədir. Ən yeni dünya tarixi iki fərqli mərhələyə bölünəcək: Rusiya – Ukrayna savaşına qədərki dünya və bu savaşdan sonrakı dünya.

Ukraynanın Rusiyanın yenidən böyük imperiya olmaq iddialarını puç etməsi dünya tarixində yeni bir dövr başladır. Elə bir dövr ki, bundan sonra Rusiya və digər avtoritar rejimlər daha heç vaxt 24 fevrala qədərki kimi güclü və təsirli ola bilməyəcək.
Ukrayna xalqının rəşadətli mübarizəsi yeni daha azad dünyanın qapılarını bəşəriyyətin üzünə açacaq. Demokratikləşmənin növbəti dalğası yeni – yeni dövlətləri əhatə edəcək.

Ukrayna xalqı məhz belə bir çətin və şərəfli savaşın ən qaynar günlərində dövlət müstəqilliyinin 31-ci ildönümünü qeyd edir. Ukrayna xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Dövlət müstəqilliyiniz, azadlığınız əbədi olsun!