AXCP sədri Əli Kərimli
Sizcə, Bəxtiyar Hacıyevə qarşı növbəti polis zorakılığından hakimiyyət daha çox uddu, yoxsa uduzdu? Şəxsən mənim heç bir şübhəm yoxdur ki, uduzdu. İlham Əliyev və ətrafı isə əksini düşünür. Cəmiyyətə dərs verdiklərini düşünürlər və növbəti səhvlərini edirlər.
Özlərini inandırıblar ki, əsas xalqı qorxuda saxlamaqdır. Hesab edirlər ki, Azərbaycan kimi qeyri-demokratik ölkələrdə xalqın rəğbəti və nifrəti onsuz da heç nəyi həll etmir, belə ölkələrdə yalnız güc, güc strukturlarının dəstəyi önəmlidir. Məhz bu düşüncə ilə hakimiyyətdəki dəstə inanır ki, gənc siyasətçi Bəxtiyar Hacıyevin növbəti dəfə polis zorakılığına məruz qoyulması, Müsavat partiyası fəalı Əziz Məmiyevə işgəncə vermiş polisi ifşa etdiyi üçün AXCP funksioneri Gülnarə Rəhimovanın həbsinə hazırlıq görülməsi, daha əvvəllər baş vermiş çoxsaylı işgəncə və sifarışli həbslər cəmiyyətin gözünü qorxutmaq baxımından çox effektivdir.
İlham Əliyev və ətrafı onu hesaba almır ki, hər bir polis zorakılığı, hər bir günahsız insanın şərlənib həbs edilməsi, xüsusilə də işgəncə halları vicdanları incidir, əlavə olaraq minlərlə, onminlərlə insanın bu hakimiyyətə olan son ümidini məhv edir, hakimiyyətlə arasında olan son bağları da qoparır. Məhz zorbalıq, qoçuluq, “istədiyimizi edərik” siyasəti hakim dəstəni xalqın hər hansı dəstəyindən tamamilə məhrum edib. Hakimiyyətin virtual aləmdəki mövcudluğu trolların, real həyatdakı mövcudluğu isə əli dəyənəkli polisin hesabınadır. Kimsə düşünə bilər ki, trol və polis dəstəyi də kifayətdir hakimiyyətin qorunması üçün. Bəli, adi vaxtlarda yəqin ki, kifayətdir. Ancaq 10-larla avtoritar rejimin təcrübəsi göstərir ki, elə bir gün gəlir, ən qəddar hakimiyyətlərin də taleyini qorxusuna qalib gəlmiş xalqlar, xalqların rəğbəti və nifrəti həll edir.
Xalqın rəğbət və nifrətinin hakimiyyətin taleyini həll edəcəyi gün Azərbaycanda da olacaq. Hakimiyyətdən aldığı güclə hazırda zorbalıq edənlər, gözü ayağının altını görməyənlər o zaman bu gün etdiklərinə görə çox peşman olacaqlar. Ancaq sonrakı peşmançılıq heç kimə kömək etmədiyi kimi, onlara da kömək etməyəcək.