AXCP sədri Əli Kərimli
Rusiya-Ukrayna savaşında daha bir qırmızı xətt aradan qaldırıldı. ABŞ rəsmiləri bildirib: “Mümkündür ki, Krımdakı hərbi obyektlər bizim Ukraynaya verdiyimiz silahlarla vurulur” (mənbə şərh bölümündə). CNN isə əlində olan rəsmi sənədlərə istinad edərək Krımdakı Rusiya bazalarını və anbarlarını məhz Ukrayna silahlı qüvvələrinin vurduğunu bəyan edib.
Bu iki açıqlama o deməkdir ki, Krımdakı hərbi obyektlərin məhz Ukrayna tərəfindən, həm də ABŞ-ın verdiyi silahlarla vurulduğu artıq leqallaşdı. Rusiya təbliğatının “təhlükəsizlik qaydalarına əməl olunmayıb, hərbi sursatlar özü alışıb” tipli açıqlamaları indi yalnız ironiya doğurur.
Bəs Medvedev deyirdi, Krıma atəş açılsa, Rusiya cəhənnəm ssenarisini işə salar? Krım artıq 10 gündür ki, sistemli şəkildə vurulur, necə deyərlər “demilitarizasiya” olunur. Hanı Rusiyanın cavabı? Korrupsiya və yalanın yeyib bitirdiyi Rusiya ABŞ-ın müasir silahlarının qarşısına heç nə çıxara bilmir. Avtoritar siyasi sistem, imperiya ambisiyaları, texnoloji gerilik, siyasi təcrid və beynəlxalq sanksiyalar Rusiyanın çöküşünü daha da sürətləndirir.
Nəhənglərin çöküşü də ağrılı və çətin proses olur. Dünya indi bu ağrılı, lakin labüd çöküş prosesini izləməkdədir. Rusiya avtoritarizminin çöküşü Azərbaycandakı rejim də daxil olmaqla, başqa avtoritar rejimlərin də iflasını labüd edəcək. Ukrayna xalqının möhtəşəm azadlıq savaşı hələ də əsarətdə yaşayan digər xalqlara da qapı açacaq.