AXCP sədri Əli Kərimli
Təəssüf ki, daha iki qazimizin intihar etməsi haqda xəbərlər yayılıb.
Qarabağ qazisi Təbriz Abdullayevin özünü Samux icra hakimiyyətinin binası önündə yandırdığı bildirilir. Yayılan məlumatlara görə, təəssüf ki, vəziyyəti yaxşı deyil.
Qaxın Turaclı kənd sakini, qazi Samir Səmədzadə isə yaşadığı Xəzər rayonunda dərman içərək intihara cəhd edib.Yayılan məlumatlara görə, qazimizin anası oğlu Samir bəyin intihara cəhd etməsini onun ailəsini dolandıra bilməməsi ilə izah edib.
Hal hazırda həkimlər xəstəxanada hər iki qazimizin həyatı uğrunda mübarizə aparırlar. Allah qazilərimizə şəfa versin.
Qazilərimizin kütləvi şəkildə intihara sövq edilməsinə hakimiyyətin də, cəmiyyətin də reaksiyası qətiyyən adekvat deyil. Hakimiyyətlə məsələ az – çox aydındır. Hakimiyyət qazilərimizin əməyini, hərbi zəfərini mənimsəməkdə, onların azad etdiyi torpaqları əkib – becərməkdə usta olsa da, qazilərin qayğılarını qətiyyən çəkmək istəmir. Mənə maraqlıdır ki, bəs cəmiyyət nəyə görə qazilərimizin intihara sövq edilməsinə bu qədər biganədir?
Xalqımıza hərbi zəfər yaşatmış, milli qürurumuzu bizə qaytarmış qəhrəman qazilərimiz ardıcıl intihara sürüklənir, biz isə bütün bunlara görə nəinki hakimiyyətdən hamılıqla məsuliyyət tələb etmirik, heç onların yaşadığı faciənin sosial şəbəkələrin əsas gündəmi olmasını belə təmin etmirik. O igidlər belə laqeyd münasibətə layiq deyildilər.