Milli Şuranın sədri, professor Cəmil Həsənli
Yasəmən xanım öz səhifəsində Əziz Ələkbərli müəllimin bir müsahibəsini paylamışdı və mən də ona bəzi dəqiqləşmə xarakterli şərh yazmışdım. Yasəmən xanım da həmin şərhə çox sərt reaksiya verib. Həmin reaksiya şərh bölümündədir. Və ona cavabı da Sizinlə bölüşürəm.
Yasemen Qaraqoyunlu xanım. narahatçılıq onda deyil ki, Azərbaycanda 5 milyon və ya 10 milyon Qərbi Azərbaycanlı yaşayır. Narahatçılıq tarixi faktların təhrif edilməsidir. Biz yolun düzünü qoyub niyə əyrisi ilə getməliyik. Bunun partiyaya nə dəxli var, siyasətə nə dəxli var? Əziz müəllim Qərbi Azərbaycanlılarla bağlı çox iş görür, çox sağ olsun. Amma bu işi miflər üzərində qurmaq olmaz. Məsələn, vaxtı ilə İrəvan xanlığında nə qədər əhali yaşayırdı? Toplam olaraq 12 min nəfər. Şübhəsiz ki, Qərbi Azərbaycanın bu günkü anlamda çoğrafiyası İrəvan xanlığının hüdudlarından geniş idi. Amma bu genişlik əhalinin ümumi sayına çox böyük təsir etmirdi. Sonra İrəvan quberniyasında rusların keçirdiyi əhali sayımında həmişə müsəlmanların sayı ermənilərdən çox göstərilib. Amma XX əsrin əvvəllərinə qədər. 1900-cü ildə Qafqazın Baş Komandanı Knyaz Qalitsin çarın yanındakı gizli müşavirədə deyirdi ki, biz ruslar Cənubi Qafqazı fəth edəndə orada toplam 45 min erməni yaşayırdı, indi onların sayı milyon yarımdan çoxdur. Bu demqrafik dəyişiklik nəticəsində 1906-cı ildə Birinci Dövlət Dumasına İrəvan Quberniyasından 2 erməni bir müsəlman seçilmişdi (Ağa xan İrəvanski). Qərbi Azərbaycandan əhalinin çıxması 1918-1920-dən əvvəl 1905-1907-ci illərdə baş vermişdi. Həm bu dövrün, həm 1918-də nə qədər adamın qırılması, nə qədər adamın başın götürüb qaçması haqqında rəsmi statiskalar var. Türkiyəyə gedənlər də daxil, kollektivləşmə dövründə İrana gedənlər də daxil (hamısının bəlli sayı var) orada 5 milyon adamın deportasiya edilməsi qənaətinə gəlmək üçün əsas vermir. Yazırsınız ki, “30 ildir sizə bağlı medya qurumlarınız bir dəfə Qərbi Azərbaycan problemini gündəmə gətirməyib. Susmusunuz. Daş kimi susmusunuz. Qərəzlisiniz. Vətən təfəkkürünüz, millət təfəkkürünüz tam deyil”. Və sual verirsən biz Qərbi Azərbaycanlılar üçün neynəmişik? Əgər Siz etdiklərimizi bilmirsinizsə bu o demək deyil ki, biz birşeylər etməmişik. Bəri başdan deyim ki, etdiklərimizi borc bilib etmişik. Mən Avropa Şurasının Azərbaycan Heyəti üçün tarixi arayış hazırlamışam və AŞPA-da Erməni Heyətti 1948-1953-cü ildə köçürməsinin deportasiya xarakteri daşımasını etiraf edib. 2011-2012-ci illərdə Rusiyada Azərbaycana qarşı quduz təbliğat başlayanda İrəvan, Naxçıvan və Qarabağla bağlı bir il ərzində həmin təbliğatı aparan “Regnum” saytında 21 məqalə dərc etdirmişəm rus dilində və bunların da yarıya qədəri məhz İrəvanın qədim Azərbaycan torpağı olması haqqında idi. Hətta o məqalələr çıxanda bir erməni hərb tarixçisi “Regnuma” müraciət etdi ki, ay erməni tarixçiləri Azərbaycan tarixçisi Cəmil Həsənli yazır ki, oturduğunuz torpaq bizimdir, siz harada itib batmısınız. Və bu məktubu da Regnum çap etmişdi. Halbuki həmin vaxt hələ Bakıdakı İnstitut və Universitetlər bir yana, Naxçıvan Universiteti ilə Yerevanın arası 60 km idi və Akademiyanın Naxçıvan filial qarşıq, Naxçıvan Universiteti daxil bir o qədər alimdən bircəciyinin səsi çıxmadı. İndi başlamışan bizə vətənpərvərlik dərsi verməyə. Mən Azərbaycanda, Rusiyada, Amerika və İngiltərədə, Türkiyədə çıxan kitablarımın ayrı-ayrı fəsillərində həm 1905-1906, 1918-1920, 1948-1953 depotasiya və qırğınlarının ilk mənbələr əsasında mənzərəsini verməyə çalışmışam və indi dünya tarix ədəbiyyatında həmin mövzu haqqında yazanlar bizim Bakıda, Moskvada, Ankarada, Nyu Yorkda, Londonda, Utah Universitetində, Harvardda, Oksfordda, Torontoda nəşr edilən kitabların qeyd etdiyim fəsillərinə istinad etmədən keçinmirlər. Nəyə görə? Çünki miflər əsasında deyil real sənədlər faktlar əsasında yazılıb. Bu baxımdan siz Qərbi Azərbaycan üçün nə etmisiniz sualı bir az ritorik səslənir. Kitablarımın əksəriyyətində Qərbi Azərbaycanlıların taleyindən yan keçməmişəm. Amma axı əlimizdə gerçək tarixi mənbələr ola-ola deməliyik ki, 1948-53-cü illərdə Ermənistandan 150 min, 1988-dən sonra 300 min azərbaycanlı deportasiya olunub? Əgər elmi müstəvidə nəyinsə izahını verə bilmirsənsə o dəqiqə siyasi ittihama əl atmaq elə də yaxşı hal deyil.